Vitkoff və Kuşner ilk dəfə Kiyevə səfər edəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ilk dəfə Kiyevə səfər etmək barədə razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
"ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner münaqişəyə son qoymaq səylərinin bir hissəsi olaraq ilk dəfə Kiyevə səfər etmək barədə razılığa gəliblər", - deyə məlumatda bildirilir.
Qarşıdan gələn səfərlə bağlı razılaşmaların Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşdən sonra əldə edildiyi bildirilir. Vitkoff və Kuşnerin səfəri Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik səylərin bir hissəsi kimi nəzərdə tutulur.
Qəzet həmçinin yazır ki, Kiyev və Vaşinqton arasındakı münasibətlərin hazırkı mərhələsi əvvəlki gərginlik dövründən xeyli fərqlənir. Hər iki prezidentin müşavirlərinin geniş işi Donald Trampın Ukraynadakı müharibəyə yanaşmasında dəyişiklik yaratmışdır.
Daha əvvəl The New York Times mənbələrə istinadən Vitkoff və Kuşnerin Kiyev və Moskva ilə daim əlaqədə olduqlarını və lazım gələrsə, hər iki paytaxtı ziyarət etməyə hazır olduqlarını bildirmişdi.
Əziz MUSTAFA








.jpg)










































































