Rusiya hakimiyyəti Pavel Durovu beynəlxalq axtarışa verib

Rusiya hakimiyyəti Pavel Durovu beynəlxalq axtarışa verib

12:15
Bəyəndim (2) Bəyənmədim (0)

Telegram şirkətinin həm-təsisçisi Pavel Durov Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, Rusiyada "terror fəaliyyətinə yardım etməkdə" ittiham olunur. Oxuməni. az xəbər verir ki, bu barədə bu gün səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, ittiham Telegram administrasiyasının messencerdəki kanal, çat və botları silməməsi ilə bağlıdır. İddiaya görə, həmin kanallardan "Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar" Rusiyada "diversiya-terror aktları, kütləvi qətllər və kiberaldatma fəaliyyətləri" hazırlamaq və koordinasiya etmək üçün fəal şəkildə istifadə edirlər.

TASS agentliyi dəqiqləşdirir ki, FTX-nin materiallarına əsasən, 2022-ci ildən bəri Rusiyada Telegram-dan istifadə edilməklə 153 000 cinayət qeydə alınıb. Nəşrdə qeyd olunur ki, bura "Crocus City Hall"dakı terror aktı, Darya Duqinanın, bloqer Maksim Fominin (Vladlen Tatarski), o cümlədən Rusiya Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov da daxil olmaqla doqquz yüksək rütbəli hərbçinin qətlə yetirilməsi, həmçinin hərbi komissarlıqlarda partlayış və yanğınların təşkili kimi hadisələr daxildir.

İddia edilir ki, "Roskomnadzor" Durovun komandasına "qanunsuz məzmunun" silinməsi tələbi ilə 150 000-dən çox müraciət göndərib, lakin onların hamısı cavabsız qalıb.

Öz növbəsində, "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarına istinadən qeyd edir ki, 2026-cı ilin əvvəlindən bəri Telegram Rusiyada ümumi məbləği 100 milyon rubldan çox olan cərimələrə məruz qalıb. Messencerə tətbiq edilən cərimələr əsasən Rusiyada qadağan olunmuş məzmunun silinməməsinə görə təyin edilib.

Almaz Həsənli