Rusiya Özbəkistan və Qazaxıstanla hərbi əməkdaşlığı yenidən  nəzərdən keçirəcək

Rusiya Özbəkistan və Qazaxıstanla hərbi əməkdaşlığı yenidən nəzərdən keçirəcək

12:01
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya Prezidenti Vladimir Putin mövcud hərbi-texniki əməkdaşlıq (HİƏ) müqavilələrində dəyişiklik etmək üçün Özbəkistan və Qazaxıstanla danışıqlar aparmaq barədə göstəriş verib. Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər iki sənəd hüquqi aktlar portalında dərc edilib.

Rusiya Qazaxıstanla hərbi-texniki əməkdaşlıq müqavilələrini 24 dekabr 2013-cü ildə (2015-ci ildə təsdiqlənib), Özbəkistanla isə 29 noyabr 2016-cı ildə bağlayıb. Müqavilələr silah və hərbi texnikanın tədarükünü, hərbi məhsulların mübadiləsini, texnologiya və sənədlərin ötürülməsini tənzimləyir.

"Kommersant" qəzetinin məlumatına görə, son illərdə Qazaxıstan Rusiyadan Su-30SM qırıcı təyyarələri (2022-ci ilə qədər ümumi sayı 20-yə çatıb), Mi-171Ş və Mi-35M helikopterləri, "Buk-M2E" zenit-raket sistemləri, BTR-80 və BTR-82A zirehli transportyorları alıb. 2015-ci ildə Moskva regionda vahid hava hücumundan müdafiə sistemi yaratmaq proqramı çərçivəsində Astanaya beş S-300PS zenit-raket sistemi bağışlayıb.

2017-2019-cu illərdə Özbəkistan dövlət ixrac krediti çərçivəsində təchiz edilmiş 12 ədəd Mi-35M helikopterindən ibarət partiya alıb və həmçinin təxminən 30 ədəd MiQ-29 qırıcı təyyarəsini modernləşdirib. Tərəflər Su-30SM-lərin, "Sopka-2" radar sisteminin və "Peçora-2M" hava hücumundan müdafiə sistemi üçün avadanlıqların çatdırılmasını müzakirə ediblər.

Qazaxıstan, Özbəkistandan fərqli olaraq, ikitərəfli hərbi-texniki əməkdaşlığı kollektiv müdafiə planlaşdırmasının elementləri ilə tamamlayan KTMT-nin üzvüdür. Özbəkistanla iki ölkənin hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin birgə istifadəsi ilə bağlı ayrıca bir razılaşma qüvvədədir.

Əziz MUSTAFA