İran generalın ölümünü təsdiqləyib
İran ordusu təsdiqləyib ki, "Su-24" qırıcı təyyarəsinin pilotu, İran Hərbi Hava Qüvvələrinin briqada generalı Məcid Kazemi martın 2-də Qətərdəki "Əl-Udeyd" aviabazasına edilən hücum zamanı həlak olub. Oxuməni. az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Pilot Məcid Kazeminin ölümü ekspertiza və DNT analizi nəticəsində təsdiqlənib. Onun qalıqlarının tezliklə İrana çatdırılması gözlənilir.
Məcid Kazemi 2 mart 2026-cı il tarixində Qətərdəki ABŞ-ın "Əl-Udeyd" aviabazasına göndərilən iki İran "Su-24" cəbhə bombardmançı təyyarəsindən birinin ekipaj üzvü olub. Təyyarələr yoxa çıxdıqdan sonra onların ekipaj üzvlərinin taleyini müəyyən etmək üçün axtarışlar davam etdirilirdi.
İran təyyarələri Fars körfəzi üzərində hücuma məruz qalıb. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) iddia edir ki, təyyarələr hədəflərə hücum edib və geri qayıdarkən vurulublar. Qətərin Müdafiə Nazirliyi isə bildirib ki, Qətər Hərbi Hava Qüvvələri İrandan yaxınlaşan iki "Su-24" təyyarəsini hədəflərə çatmamışdan əvvəl vurub.
CNN-in məlumatına görə, təyyarələr "Əl-Udeyd" bazasına və "Ras-Laffan" sənaye rayonuna doğru istiqamət alıb, son dərəcə aşağı hündürlükdə uçublar və ekipajları radio xəbərdarlıqlarına cavab vermədikdən sonra hədəflərə çatmasına təxminən iki dəqiqə qalmış vurulublar.
Almaz Həsənli




.jpg)














































































