Pentaqon ABŞ-ın Avropadakı kontingenti ilə bağlı məsələyə yenidən baxmağa başlayıb
ABŞ Müdafiə Nazirliyi, Pentaqonun rəhbəri Pit Heqsetin iyun ayında Brüsseldə keçirilən NATO ölkələrinin müdafiə nazirləri toplantısında elan etdiyi kimi, Amerika qoşunlarının Avropada yerləşdirilməsi məsələsinə yenidən baxılmasına başlayıb. Oxuməni az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Bu, NATO-nun öz müdafiəsi üçün əsas məsuliyyəti qeyri-nüvə silahlarından istifadə etməklə öz üzərinə götürən Avropa istiqamətində sürətli və qaçılmaz şəkildə hərəkət etməsini təmin etmək üçün hazırlanmış real bir baxış olacaq", - deyə onun paylaşımında bildirilir.
Kolbinin sözlərinə görə, bu baxışın digər məqsədi "NATO-nun güclü hərbi təşkilat kimi xarakterinin tam bərpası – NATO 3.0"dır. ABŞ müdafiə nazirinin müavini vurğulayıb: "Bu, xüsusilə müxtəlif hərbi əməliyyat teatrlarında eyni vaxtda tapşırıqları yerinə yetirməli olduğumuz bir vəziyyətdə, NATO-nun uzunmüddətli və dayanıqlı uğur yoluna çıxmasına imkan verəcək".
Kolbi qeyd edib ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğuna yenidən baxılması ABŞ-ın 2025-ci il Milli Təhlükəsizlik Strategiyası və 2026-cı il Milli Müdafiə Strategiyasının müddəalarını əks etdirəcək və "sərt strategiyaya, möhkəm empirik bazaya və geosiyasi və hərbi reallıqların aydın dərkinə əsaslanan bir sıra variantları" özündə ehtiva edəcək.
ABŞ Prezidenti Donald Tramp və ölkənin müdafiə naziri Pit Heqset dəfələrlə Şimali Atlantika Alyansındakı avropalı müttəfiqlərini "ABŞ-ın müdafiə xərclərinin artırılması ilə bağlı nəzakətli xahişlərini uzun müddət cavabsız qoyduqlarına" görə tənqid ediblər.
2025-ci ilin iyununda Haaqada keçirilən müdafiə nazirləri toplantısında NATO-ya üzv dövlətlər 2035-ci ilə qədər hərbi ehtiyaclar üçün xərcləri ÜDM-in ən azı 3,5 faizinə çatdırmaq, həmçinin müdafiə ilə bağlı xərclərə əlavə olaraq ÜDM-in 1,5 faizini ayırmaq barədə razılığa gəliblər. Əvvəllər hədəf göstəricisi 2 faiz təşkil edirdi.
Almaz Həsənli


















































































