İspaniya və Fransada meşə yanğınları tuğyan edir: Fəlakət zonasından 375.000 insan təxliyə edilib
Fransanın cənub-qərbindəki Jironda bölgəsində və İspaniyanın müxtəlif yerlərində baş verən meşə yanğınları səbəbindən təxminən 375.000 insan təxliyə edilib. İspaniyanın Baş naziri Pedro Sançes qeyd edib ki, İberiya yarımadası iqlim böhranının təsirlərini yaşayır, Fransada isə yanğınların Bordoya doğru irəliləməsi səbəbindən on minlərlə insan təxliyə edilir.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in hadisə yerindən yaydığı məlumatda deyilir.
Hakimiyyət orqanları yeni istilik dalğasının yanğın riskini daha da artıracağı barədə xəbərdarlıq ediblər. Fransanın cənub-qərbindəki Jironda bölgəsində güclü küləklər nəticəsində şiddətlənən yanğın 42.000 hektar ərazini külə çevirib.

Parisin təxminən dörd qatı böyük bir ərazini əhatə edən yanğın ölkə üzrə təxminən 260.000 insanın təxliyəsinə səbəb olub. Ən azı 240 ev tamamilə dağılıb, bir çox digər tikililər isə zərər görüb.
Yerli hakimiyyət orqanları yanğının Bordo metropoliten ərazisinə doğru irəliləməyə davam etdiyini bildirib. Bordo meri Tomas Kazenave yanğının şəhər mərkəzindən təxminən 25-30 kilometr məsafədə olduğunu deyib.
Hazırda Fransa Land, Var, Hautes-Alpes və Korsika bölgələrində meşə yanğınları ilə mübarizə aparmağa davam edir.
Yanğın zonasında təxminən 2500 yanğınsöndürən, 1500 hərbçi, 1200 polis məmuru və 450 mülki müdafiə könüllüsü çalışır. Bildirilir ki, 22 iyul çərşənbə günündən bəri bölgədə 84 yanğınsöndürən xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib.

İspaniyada da yanğınlar və onunla mübarizə davam edir. Bu çərçivədə də Madridin qərbindəki böyük yanğınların əsasən nəzarət altına alındığı bildirilir.
Yanğınsöndürmə komandanlığı mərkəzində çıxış edən İspaniya Baş naziri Pedro Sançes deyib: "Çətin günlərdən keçirik."
Sançes İspaniya və Portuqaliyanın iqlim böhranının müxtəlif nəticələri, məsələn, yanğınlar, fırtınalar və güclü qar yağışları ilə üzləşdiyini qeyd edərək əlavə etdi: "Bütün İberiya yarımadası iqlim böhranının nəticələrini çox kəskin şəkildə yaşayır."
Madrid yaxınlığındakı yanğınlar nəzarət altına alınsa da, Valensiya yaxınlığında yeni yanğın səbəbindən ən azı 15.000 insan təxliyə edilib. Valensiya muxtar hökumətinin rəhbəri Juanfran Peres Lyorka yanğının təxminən 21 kvadrat kilometr əraziyə yayıldığını qeyd edib.
İspaniya Daxili İşlər Nazirliyi Valensiyanın Manises şəhərində bir ölüm hadisəsi baş verdiyini bildirib. Hakimiyyət orqanları həmçinin Toledo yaxınlığında daha səkkiz şəhərin təxliyəsi barədə əmr verib. İspaniyada son günlərdə təxliyə edilənlərin sayını təxminən 116.000-ə çatıb.
İspaniyanın Ətraf Mühit Naziri Sara Aagesen Avila əyalətində 50.000 hektar ərazini məhv edən yanğının ölkənin yaxın tarixindəki ən böyük meşə yanğını olduğunu bildirib.

Meteoroloqlar çərşənbə axşamından etibarən Fransanı bürüyəcək yeni istilik dalğası zamanı bəzi bölgələrdə temperaturun 40 dərəcə selsiyə çatacağını proqnozlaşdırırlar.
AB Böhranların İdarə Edilməsi üzrə Komissarı Hadja Lahbib də bu il meşə yanğınlarından dəyən ziyanın əvvəlki rekordları qıra biləcəyini qeyd edərək, iqlim böhranı səbəbindən yanğın mövsümünün daha tez başladığını və riskin daim artdığını əlavə etdi.
İspaniya Ətraf Mühit Nazirliyinin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri ölkədə 32 böyük meşə yanğını ümumilikdə 152.678 hektar əraziyə ziyan vurub. Keçən ilin eyni dövründə yeddi böyük yanğın 24.133 hektar ərazini əhatə edib.
Əziz MUSTAFA


















































































