Dünyanın ən balaca atı – cəmi 52,6 santimetr hündürlüyündədir

Dünyanın ən balaca atı – cəmi 52,6 santimetr hündürlüyündədir

15:47
Bəyəndim (1) Bəyənmədim (0)

İlk baxışdan o, atdan çox yumşaq oyuncağı xatırladır. Lakin Almaniyada yaşayan Pumukel rəsmi olaraq dünyanın ən alçaqboy canlı erkək atı kimi tanınıb. Onun hündürlüyü cəmi 52,6 santimetrdir. Oxuməni.az xəbər verir ki, bu barədə NLC məlumat yayıb.

Bu qədər balaca olan Şetland ponisi hətta Ginnesin Rekordlar Kitabına da düşüb. Lakin sahibəsi bildirib ki, onun üçün şöhrətdən daha vacib olan insanların üzündə hər gün təbəssüm yaratmaqdır.

Karola Vaydemann Pumukellə ilk dəfə tanış olanda rekordçu axtarmırdı. Tanışlarından biri ona terapiya məqsədilə işləmək üçün bu balaca ponini tövsiyə etmişdi və o da maraq üçün onu görməyə getmişdi.

“Tamamilə heyrətə gəldim. Həyatımda belə balaca at görməmişdim”, – deyə o bildirib.

Həmin vaxt poninin cəmi beş aylıq yaşı var idi. Onun boyu 47 santimetr, çəkisi isə 20 kiloqram idi.

Şetland poniləri ümumiyyətlə alçaqboy at cinsinə aid olsalar da, bu cinsin əksər nümayəndələrinin hündürlüyü 71–79 santimetr arasında dəyişir. Pumukel isə onlardan xeyli kiçik qalıb və hətta yetkin yaşında belə boyu cəmi 52,6 santimetr olub.

Sahibəsinin sözlərinə görə, bu, məqsədli seleksiya nəticəsində baş verməyib.

“Bu, sadəcə təbiətin bir möcüzəsidir. O, xüsusi olaraq belə yetişdirilməyib”, – deyə Karola bildirib.

Mütəxəssislərin fikrincə, nadir genetik anomaliya səbəbindən onun boy artımı erkən dayanıb.

Çox kiçik boy adətən sümük sisteminin inkişafı ilə bağlı ciddi problemlərlə müşayiət oluna bilər. Lakin Pumukel bu baxımdan istisnadır.

“Onun bədən quruluşu tam proporsionaldır, hərəkətləri təbiidir və tam sağlam həyat tərzi keçirir. Bu xüsusilə vacibdir, çünki bu ölçüdə olan bir çox atlarda çənə, oynaq və ya onurğa problemləri müşahidə olunur. Pumukel isə daha iri yoldaşları kimi qaçır, oynayır və otlayır”, – deyə materialda qeyd olunur.

Ginnes rekordu qazandıqdan sonra Pumukel əsl ulduza çevrilib. O, Almaniyada müxtəlif televiziya verilişlərinə dəvət olunub, digər rekordçularla birlikdə çıxış edib və hər kəs onunla şəkil çəkdirmək istəyib.

“Balaca ölçüləri sayəsində səyahətlər də onun üçün heç bir problem yaratmır. O, sahibinin avtomobilinə rahatlıqla sığır, bəzən isə bir yerdən digərinə əl arabasında aparılır ki, bu da pərəstişkarlarını daha da sevindirir”, – deyə nəşr vurğulayır.

Bütün dünyada tanınmasına baxmayaraq, Pumukelin gündəlik həyatı diqqət mərkəzində keçmir. Terapiya atı kimi o, mütəmadi olaraq qocalar evlərinə, məktəblərə, hospislərə və əlilliyi olan insanlara dəstək göstərən mərkəzlərə baş çəkir.

Kiçik ölçüsü sayəsində ondan adi atlardan çəkinən insanlar belə qorxmurlar və onunla asanlıqla ünsiyyət qururlar. Sahibəsinin sözlərinə görə, poni xüsusilə uşaqları çox sevir.

“O, çox mehribandır, sığallanmağı sevir və insanların əhatəsində olmaqdan böyük zövq alır”, – deyə Karola Vaydemann bildirib.

Almaz Həsənli