Fransada meşə yanğınları: Makron təcili iclas çağırır
Fransa Prezidenti Emmanuel Makron, ölkənin bir neçə departamentini bürüyən meşə yanğınları ilə bağlı 27 iyul Bazar ertəsi günü Daxili İşlər Nazirliyində idarələrarası böhran iclası keçirəcək. Oxuməni.az-ın yaydığı məlumata görə, Bu barədə BFMTV televiziya kanalı xəbər verib.
Makronun sədrliyi ilə keçiriləcək yanğınlarla bağlı iclasın yerli vaxtl saat 10:00-a planlaşdırıldığı bildirilir. Planlaşdırılan iclas prezidentin hökumət üzvləri və onların həyat yoldaşları ilə naharının ləğv edilməsinə səbəb olub.
Bundan əlavə, Fransa İqtisadiyyat Nazirliyi bazar ertəsi günü Land və Jironde departamentlərində baş verən şiddətli yanğınların təsirini qiymətləndirmək və dəstək tədbirlərini müzakirə etmək üçün turizm, enerji, telekommunikasiya və sığorta sektorlarından olan mütəxəssislərlə təcili görüş keçirəcək.
İclasda iqtisadiyyat və ticarət nazirləri iştirak edəcək. Görüş "vəziyyəti qiymətləndirmək, prioritet ehtiyacları müəyyən etmək və təsirlənmiş ərazilərdə iqtisadi davamlılığı təmin etmək" üçün təşkil olunub.
İkinci görüşdə müvafiq peşəkar federasiyalar, turizm, enerji və telekommunikasiya sahəsindəki maraqlı tərəflər, sığorta şirkətləri və enerji, sənaye və rəqəmsal texnologiya nazirləri bir araya gələcək.
Fransada ən kritik vəziyyət Jironde və Land departamentlərindədir, burada hakimiyyət orqanları təxminən 200.000 sakin və turistin təxliyə olunduğunu elan edib. Alovlar Bordo şəhərinin qərb ətraflarını, şəhərin hava limanını və Kap-Ferret kurort zonasını təhdid edir.
Makron fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün hərbi qüvvələri səfərbər edib. Yanğınsöndürənlərə kömək etmək üçün mindən çox əsgər, talanların qarşısını almaq üçün polis bölmələri və tibbi xidmətlər səfərbər edildi. Regional xəstəxanalar xüsusi rejim tətbiq etdi və qatı tüstüdən qorunmaq üçün sakinlərə və xilasedicilərə 1,5 milyon qoruyucu maska çatdırılır.
Əziz Mustafa



















































































