ABŞ Malidə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir

ABŞ Malidə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir

11:07
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın administrasiyası Malidə "Əl-Qaidə" ilə əlaqəli olan "İslam və müsəlmanların dəstək qrupu" (JNIM) cihadçılarına qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü "The Washington Post" (WP) qəzeti bir neçə mənbəyə istinadən məlumat yayıb.

WP qeyd edir ki, yüksək vəzifəli amerikalı məmurlar JNIM-ə qarşı hərbi əməliyyatlara başlanılıb-başlanılmaması məsələsində fikir ayrılığı yaşayırlar. Güc tətbiqinin əsas tərəfdarlarından biri Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka olub.

Pentaqon şərh verməkdən imtina edib, Ağ Ev isə WP-nin sualına cavab olaraq bildirib ki, ABŞ Şimali və Qərbi Afrika ölkələrinin hökumətlərini "terrorçulara qarşı hərbi səylərini dəstəkləmək üçün Amerika avadanlıqları və xidmətləri almağa" çağırır. Ağ Evin nümayəndəsi Sahel bölgəsindəki terrorizmi "çoxmillətli problem" adlandırıb. Ağ Evin sözçüsü əlavə edib: "Biz regional tərəfdaşlarımızı və NATO müttəfiqlərimizi Sahel Dövlətləri Alyansının JNIM və İŞİD-ə qarşı müharibəsində dəstək verməyə çağırırıq".

Sahel Dövlətləri Alyansına Mali, Burkina-Faso və Niger daxildir. Son illərdə bu Qərbi Afrika ölkələrinin hamısında hərbi liderlər dövlət çevrilişləri yolu ilə demokratik yolla seçilmiş hökumətləri deviriblər. WP xatırladır ki, bundan sonra onlar Qərblə əlaqələrini böyük ölçüdə kəsib və təhlükəsizlik sahəsində yardım üçün Rusiyaya üz tutublar.

Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplaşmalar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkə, ilk növbədə təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhran vəziyyətindədir.

Xatırladaq ki, rusiyalı muzdlular 2021-ci ildən Malidə mövcuddur. 2020-ci ildə ölkədə hakimiyyəti polkovnik Assimi Qoytanın rəhbərlik etdiyi hərbçilər ələ keçirib. Onlar Fransa ilə ənənəvi əlaqələri kəsib və "Vaqner" özəl hərbi şirkətinin muzdlularını ölkəyə dəvət edərək Rusiya ilə yaxınlaşmağa başlayıblar.

Almaz Həsənli