Fransa parlamenti uşaqlar üçün sosial şəbəkələrə qadağanı təsdiqlədi
Fransa parlamenti iyulun 21-də 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyan qanunu təsdiqləyib. Fransa bu tədbiri qanunvericilik səviyyəsində tətbiq edən ilk Aİ dövləti olacaq. Oxuməni.az xəbər verir ki, bu barə AFP məlumat verib.
Milli Assambleyanın 279 deputatı qanun layihəsinin lehinə, 81-i isə əleyhinə səs verib. Daha əvvəl qanun layihəsi Senat tərəfindən də təsdiqlənmişdi.
Bu tədbiri fəal şəkildə dəstəkləyən prezident Emmanuel Makron sosial şəbəkələrdə yazıb ki, Fransa uşaqların və yeniyetmələrin müdafiəsi məsələlərində Avropada aparıcı qüvvədir. O, parlamentə təşəkkür edərək, qərarın Konstitusiya Şurası tərəfindən də təsdiqlənməli olduğunu qeyd edib. Makron daha əvvəl qadağanın sentyabr ayınadək qüvvəyə minəcəyinə ümid etdiyini bildirmişdi.
Sentyabrın 1-dən etibarən sosial şəbəkələr 15 yaşından kiçik şəxslərə yeni hesablar açmağı qadağan etməli, 2027-ci il yanvarın 1-dək isə gənc fransızların artıq mövcud olan hesabları bağlanmalıdır.
Bununla belə, sənəd qadağanı pozan uşaqlar və ya onların valideynləri üçün hər hansı cəza nəzərdə tutmur.
Siyasi qüvvələrin əksəriyyəti TikTok, Snapchat və ya Instagram kimi sosial şəbəkələrdə uşaqların sağlamlığı və təhlükəsizliyi üçün yaranan riskləri əsas gətirərək qadağanı dəstəkləyib. Qanun layihəsinin əleyhdarları isə əsasən hakimiyyətin şəxsi həyata müdaxiləsi və fərdi məlumatların sızması ilə bağlı narahatlıqlarını ifadə ediblər – sosial şəbəkələrə giriş əldə etmək üçün istifadəçilər 15 yaşına çatdıqlarını sübut etməli olacaqlar.
Uşaqların sosial şəbəkələrə çıxışına qadağa və ya məhdudiyyətlər Aİ səviyyəsində də müzakirə olunur, baxmayaraq ki, hələlik belə bir qərar qəbul edilməyib. Yunanıstan və İspaniya kimi bir sıra ölkələr də milli səviyyədə belə bir qadağa tətbiq etmək istəyirlər. Dünyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan edən ilk ölkə Avstraliya olub.
Almaz Həsənli



























.jpg)























































