Pentaqon ABŞ-ın İranla müharibəsinin dəyərini 37,5 milyard dollar qiymətləndirib
Pentaqonun rəhbəri Pit Hegset Konqresdəki dinləmələrdə bildirib ki, İrana qarşı hərbi əməliyyatlar ABŞ-a 37,5 milyard dollara başa gələcək. Onun sözlərinə görə, bu məbləğə həm müharibəyə artıq xərclənmiş vəsaitlər, həm də maliyyə ilinin sonuna — sentyabrın 30-dək proqnozlaşdırılan xərclər daxildir.
Oxuməni.az xəbər verir ki, "Reuters" agentliyinin qeyd etdiyinə görə, Pentaqonun bu hesablamalarının nəyə əsaslandığı aydın deyil. Agentliyin məlumatına görə, mart ayında ABŞ prezidenti Donald Trampın administrasiyası müharibənin ilk altı günü üçün xərcləri minimum 11,3 milyard dollar həcmində qiymətləndirmişdi.
İyun ayında Tramp administrasiyası Konqresdən əlavə olaraq təxminən 90 milyard dollar maliyyə vəsaiti istəyib. Bu vəsaitin böyük hissəsinin İranla müharibəyə xərclənməsi nəzərdə tutulur.
Hegsetin sözlərinə görə, əlavə maliyyələşdirmə olmadan Pentaqon hərbi qulluqçuların hazırlığını azaltmalı olacaq. O, Konqresi nazirliyin 2027-ci il üçün büdcəsini təsdiqləməyə çağırıb. Pentaqon 1,5 trilyon dollar vəsait ayrılmasını tələb edir.
Pentaqonun sorğuları demokratlar tərəfindən tənqid edilib; maliyyələşdirmə ilə bağlı qanun layihələrinin qəbulu üçün respublikaçılara demokratların dəstəyi lazımdır. Xüsusilə, senator Patti Mürrey qeyd edib ki, ABŞ prezidenti "eskalasiya və növbəti sonu görünməyən müharibə ilə hədələyir".
Almaz Həsənli



























.jpg)























































