Səudiyyə Ərəbistanı ümrə ziyarəti etmək istəyən zəvvarlar üçün viza rejimini sadələşdirib

Səudiyyə Ərəbistanı ümrə ziyarəti etmək istəyən zəvvarlar üçün viza rejimini sadələşdirib

21 İyul 16:15
Bəyəndim (1) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ümrə ziyarəti üçün çoxgirişli vizanın tətbiq edildiyini elan edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Gulf News” məlumat yayıb.

Yeni viza verildiyi tarixdən etibarən bir il müddətində etibarlı olacaq. Viza sahibləri bu müddət ərzində krallığa bir neçə dəfə səfər edə və müəyyən şərtlərə əməl etməklə ölkə ərazisində ümumilikdə 90 günədək qala biləcəklər.

Hər bir səfər üçün zəvvarlar təsdiqlənmiş xidmət təminatçısından Nusuk onlayn platforması vasitəsilə xidmət paketi almalıdırlar. Xarici zəvvarlar eyni platforma üzərindən ölkəyə giriş icazəsini də əldə edə biləcəklər.

Həcc mövsümü ərzində ümrə üçün nəzərdə tutulan çoxgirişli vizanın qüvvəsi müvəqqəti olaraq dayandırılacaq.

Nazirlikdən bildirilib ki, yeni vizanın tətbiqi zəvvarlara səfərlərini daha çevik şəkildə planlaşdırmaq imkanı verəcək, həmçinin rəqəmsal xidmətlərin sistemə inteqrasiyasını təmin edəcək. Bu təşəbbüs Səudiyyə Ərəbistanının Vision 2030 islahat proqramı çərçivəsində həyata keçirilir.

Almaz Həsənli