Nikaraqua Prezidenti Daniel Orteqa ölkəsində artıq seçkilərin keçirilməyəcəyini elan edib
2007-ci ildən Nikaraquanın prezidenti vəzifəsini tutan Daniel Orteqa ölkədə bir daha heç vaxt seçki keçirilməyəcəyini bəyan edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. O bildirib ki, bu tədbir müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün zəruridir.
1979-cu il Sandinist inqilabının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Orteqa deyib: "Burada bir daha seçki olmayacaq ki, onlar hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd etsinlər".
Orteqa seçkilərdən imtinanın qanunvericilik səviyyəsində necə rəsmiləşdiriləcəyini hələlik açıqlamayıb.
Nikaraquadan kənarda olan müxalifət nümayəndələri Orteqanın bu bəyanatını zəiflik əlaməti və hər hansı rəqabətdən qurtulmaq cəhdi kimi qiymətləndiriblər.
Hazırda 80 yaşı olan Daniel Orteqa ilk dəfə 1981-ci ildə dövlət başçısı postunu tutub. 1990-cı ildə seçkilərdə məğlub olub və 2006-cı ilə qədər müxalifətdə qalıb. 2007-ci ildə seçkilərdə qalib gələrək yenidən prezident olub. Orteqa 2011, 2016 və 2021-ci illərdə keçirilən prezident seçkilərinin qalibi elan edilib. "Reuters" xatırladır ki, seçkilərin nəticələri Orteqanın rəqiblərini fəal şəkildə təqib etməsi səbəbindən şübhə altına alınırdı.
Almaz Həsənli



















































































