Nyu-Yorkda ICE və FTB binalarına hücumda şübhəli bilinən şəxs saxlanılıb
ABŞ-ın Nyu-York şəhərində Federal Təhqiqat Bürosunun (FTB), ABŞ İmmiqrasiya və Gömrük Xidmətlərinin (ICE) və İmmiqrasiya Məhkəməsinin qərargahı olan Federal Plazanın qarşısında baş verən partlayış panikaya səbəb olub.
Oxuməni.az xəbər verir ki, bununla bağlı FTB-nin yaydığı məlumatda partlayışda istifadə edilən qurğunun yandırıcı olduğu təsdiqlənib və bir şübhəli saxlanılıb. İstintaq Nyu-York Birgə Terrorizm İşçi Qrupu tərəfindən aparılır və ən azı iki nəfərin yüngül xəsarət aldığı bildirilir.
ABŞ mediasının ilkin məlumatlarına görə, partlayışa fişəng və alovlanan materiallardan ibarət qurğu səbəb ola bilər. Hadisədən sonra ərazi mühasirəyə alınıb və yanğınsöndürənlər yaranan yanğını söndürüblər. İlkin axtarış zamanı odlu silahdan istifadə əlamətləri aşkar edilmədiyi bildirilib.
Amerika mediasına sızdırılan məlumata görə, saxlanılan şübhəlidən "airsoft" kimi tanınan əsl silahlara bənzər tüfənglər, fişənglər və müxtəlif materiallar müsadirə edilib. Bəzi məlumatlara görə, şübhəlinin keçmişdə ICE əleyhinə etirazlarla əlaqəsi olub, lakin hakimiyyət orqanları hücumun səbəbini rəsmi olaraq açıqlamayıb və istintaqın davam etdiyini bildirib.
Əziz Mustafa



















































































