Boeing təyyarə istehsalını artırmağı planlaşdırır
Amerikanın aerokosmik konserni "Boeing Co." gəlirli modellərinin istehsalını artırmağa çalışaraq, təchizatçılarla, o cümlədən "787 Dreamliner" təyyarələri üçün interyer elementləri və mühərriklərin tədarükü ilə bağlı problemləri aradan qaldırmağa davam edir. Oxuməni. az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Təchizat zəncirləri hələ də bir qədər qeyri-stabildir", - deyə "Boeing"in kommersiya təyyarələri bölməsinin rəhbəri Stefani Poup Farnboro beynəlxalq aviasalonu ərəfəsində keçirilən brifinqdə bildirib. O əlavə edib ki, "GE Aerospace" tərəfindən istehsal olunan mühərriklər "bizim üçün istehsal templərini müəyyən edən mühüm amil olacaq".
"Boeing" "737" ailəsinə aid təyyarələrin istehsalını hazırkı aylıq təxminən 42 ədəddən bir neçə il ərzində 63-ə çatdırmağı hədəfləyir. "Bloomberg"in məlumatına görə, istehsalın artırılması borcların ödənilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması və dünya üzrə qısa mənzilli uçuşların əhəmiyyətli hissəsini təşkil edən dar gövdəli təyyarələr seqmentində "Airbus"ın dominantlığına qarşı mübarizə aparmaq üçün əsas amildir.
Poup bildirib ki, şirkət istehsal tempini aylıq 47 təyyarə səviyyəsində sabitləşdirməyə, daha sonra isə növbəti mərhələli dəyişiklikləri nəzərdən keçirməzdən əvvəl bu rəqəmi 52-yə çatdırmağa diqqət yetirir.
O, həmçinin bildirib ki, "Boeing" özünün qitələrarası iki mühərrikli "777X" təyyarəsini 2027-ci ildə sifarişçilərə təhvil verməyi planlaşdırır – çoxdan gözlənilən yeni laynerin bazara çıxarılması şirkət üçün mühüm məqamdır.
"Boeing" ilin birinci yarısında 314 kommersiya təyyarəsi təhvil verib (2025-ci ilin müvafiq dövründə bu rəqəm 280 idi). İyun ayında şirkət müştərilərə 64 təyyarə göndərib, ötən ilin eyni dövründə isə bu rəqəm 60 təşkil edirdi.
İyun ayının sonuna şirkətin ümumi sifariş portfeli 6202 layner təşkil edib.
Almaz Həsənli



















































































