Endi Börnem Böyük Britaniyanın yeni baş naziri olacaq
Cümə günü Endi Börnem Leyboristlər Partiyasının lideri seçilib, lakin o, Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə üç gün sonra, iyulun 20-si, bazar ertəsi günü başlayacaq.
Oxuməni.az BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi baş nazirin dəyişdirilməsi prosesi Kir Starmerin kral Çarlzla görüşü ilə başlayacaq. Bu görüş zamanı o, baş nazir vəzifəsindən rəsmən istefa verəcək.
Bundan qısa müddət sonra kral Börnemlə görüşərək ona hökuməti formalaşdırmağı tapşıracaq.
Börnem bu tapşırığı qəbul edən kimi rəsmən Böyük Britaniyanın baş naziri olacaq. Hər iki görüş adətən Bukingem sarayında keçirilir.
Daha sonra Börnem Dauninq-stritə yollanacaq və orada böyük ehtimalla çıxış edəcək.
Böyük Britaniyada iyulun 17-si, cümə günü Endi Börnem Leyboristlər Partiyasının lideri seçilib. Onun namizədliyini Böyük Britaniya parlamentinin İcmalar Palatasındakı leborist deputatların böyük əksəriyyəti – 403 nəfərdən 379-u dəstəkləyib.
Qeyd edək ki, Endi Börnem üç dəfə ardıcıl olaraq Böyük Mançesterin meri seçilib ki, bu da ona "Şimalın kralı" ləqəbini qazandırıb. Onun nailiyyətləri sırasında münasib qiymətləri qoruyub saxlamaqla ictimai nəqliyyatın inkişafı xüsusi qeyd olunur. Börnemin digər prioritetləri isə mənzil təminatı və tibb sahəsidir.
Almaz Həsənli







































































.jpg)

.jpg)








