Əlcəzairdə uşaq evində baş verən yanğın nəticəsində 11 nəfər həlak olub
Əlcəzair paytaxtının ətrafındakı uşaq evində baş verən yanğın nəticəsində azı 11 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb. Oxuməni. az xəbər verir ki, bu barədə Əlcəzair Milli Radiosuna istinadən ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Faciə Məhəmmədiyə rayonunda yerli vaxtla saat 03:30 radələrində (Bakı vaxtı ilə 06:30) baş verib. Hakimiyyət orqanları hələlik qurbanların yaşını və yanğının başvermə səbəbini açıqlamayıb. Mülki müdafiə qüvvələri axtarış-xilasetmə işlərini davam etdirir. Yanğının söndürülməsinə 10 yanğınsöndürən maşın cəlb olunub, hadisə yerinə 16 təcili yardım maşını göndərilib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında müxtəlif dərəcəli yanıq xəsarətləri alan 10 nəfər, dəm qazından zəhərlənən iki nəfər, həmçinin şok vəziyyətində olan yeddi nəfər var. Tibb işçiləri, həmçinin əlilliyi olan beş nəfərə də yardım göstəriblər. "Əl-Cəzirə" telekanalının məlumatına görə, ölkənin Baş naziri Sifi Qrib Əlcəzairin ətrafındakı Zeralda xəstəxanasının yanıq şöbəsində, eləcə də paytaxtdakı Mustafa Paşa xəstəxanasında müalicə alan yaralıları ziyarət edib.
Əlcəzairdə bir neçə gündür ki, anomal yüksək temperatur müşahidə olunur. Bir həftə ərzində ölkədə 1000-ə yaxın yanğın hadisəsi qeydə alınıb.
Almaz Həsənli





































.jpg)

.jpg)


.jpg)








































