Pentaqon Kubaya desant çıxarılması imkanını nəzərdən keçirir
Pentaqon Kubaya qarşı bir neçə hərbi əməliyyat ssenarisini nəzərdən keçirir; bunlardan biri 101-ci hava-desant diviziyasının "minlərlə" döyüşçüsünün adaya çıxarılmasıdır. Oxuməni. az xəbər verir ki, bu barədə CBS News media şirkəti bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb. Onların sözlərinə görə, bu cür planların müzakirəsi son həftələr ərzində aparılıb, lakin hərbi idarə hələlik yekun qərar qəbul etməyib.
Müharibə naziri Pit Heqset daha əvvəl Kubaya qarşı güc ssenarisinin mümkünlüyünə işarə etmişdi. İyun ayında o bildirmişdi ki, respublikanın ABŞ üçün təhlükə yaradan silahlar əldə etməyə cəhd etməsi qarşıdurma üçün əsas olacaq. Kəşfiyyat məlumatlarına görə, Kuba Quantanamo bazasına, Amerika hərbi gəmilərinə və Florida ştatına zərbələr endirmək üçün 300-dən çox pilotsuz uçuş aparatı (PUA) alıb.
Bununla belə, mənbələr Pentaqonun əhəmiyyətli resurslarının cəlb olunduğu İranla müharibənin yenidən başlaması səbəbindən yaxın vaxtlarda Kubaya qarşı əməliyyat keçirilməsini az ehtimal edirlər. Hələlik ABŞ prezidenti Donald Trampın administrasiyası iqtisadi və diplomatik təzyiqlər vasitəsilə adada hakimiyyəti dəyişməyə çalışır.
Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Vaşinqton Kubada islahatlar aparmağa hazır olan texnokratlar hökumətini görmək istərdi. Lakin iyulun 11-də o, Kuba rejiminin və onun "korrupsiyalaşmış elitasının" "mənəvi cəhətdən iflasa uğramış marksist ideologiyaya" sadiq qalaraq və ölkə üzərində "total nəzarəti" qoruyaraq öz xəttini davam etdirdiyini bildirib.
May ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Havanaya səfər edib. O, fundamental islahatların aparılması şərti ilə ABŞ-ın əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib və eyni zamanda, bu əməliyyatın iştirakçılarından birini nümayiş etdirərək, Venesuela lideri Nikolas Maduronun amerikalılar tərəfindən ələ keçirilməsini Kuba hakimiyyətinə xatırladıb.
Tramp Ağ evə qayıtdıqdan sonra ABŞ Kubaya təzyiqləri kəskin şəkildə artırıb və onu terrorizmi dəstəkləyən ölkələr siyahısına qaytarıb. 2026-cı ilin yanvarında Amerika prezidenti Kubadan gələn milli təhlükəsizlik təhdidini əsas gətirərək fövqəladə vəziyyət elan edib və adaya qarşı enerji blokadası tətbiq edib. May ayında respublika hakimiyyəti ölkənin enerji sisteminin kritik vəziyyətdə olduğunu bildirib.
Tramp dəfələrlə Kuba rejiminin yaxınlaşan süqutundan danışıb və İranla "hesablaşdıqdan" sonra bu məsələ ilə konkret məşğul olacağına söz verib. The Wall Street Journal-ın məlumatına görə, ABŞ respublikada hakimiyyəti ilin sonuna qədər dəyişməyi planlaşdırır.
Kuba prezidenti Miqel Dias-Kanel ölkənin Amerika işğalına müqavimət göstərməyə hazır olduğunu bəyan edib. "Biz vuruşacağıq, özümüzü müdafiə edəcəyik və əgər döyüşdə yıxılmaq qismətimizdədirsə, vətən uğrunda ölmək yaşamaq deməkdir", - deyə o bildirib.
Almaz Həsənli
































.jpg)

.jpg)


.jpg)













































