Ermənistan ABŞ ilə "Tramp marşrutu" üzrə sazişin ratifikasiyası prosesinə başlayır

Ermənistan ABŞ ilə "Tramp marşrutu" üzrə sazişin ratifikasiyası prosesinə başlayır

14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi iyulun 16-da keçiriləcək hökumət iclasının gündəliyinə daxil edilib.

Bu barədə Oxuməni.az erməni mediasına istinadən xəbər verir.

Hökumət sazişin ratifikasiyası haqqında qanun layihəsinin təsdiq edilməsini təklif edir; layihə müzakirə olunmayan (məruzə edilməyən) sənədlər siyahısında olacaq.

Çərçivə sazişi 2026-cı il iyunun 1-də Vaşinqtonda və 2026-cı il iyunun 4-də İrəvanda imzalanıb.

Hökumətin qərar layihəsində sazişdə təsbit olunmuş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulur.

Konstitusiya Məhkəməsi sazişdəki öhdəlikləri Konstitusiyaya uyğun hesab etdiyi təqdirdə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş qaydada Milli Məclisə təqdim ediləcək.

Konstitusiya Məhkəməsində hökumətin nümayəndəsi qismində xarici işlər nazirinin müavini Vahan Kostanyan təyin ediləcək.

Layihənin əsaslandırmasına görə, qanunun qəbulu ilə Ermənistan və ABŞ arasında TRIPP çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişinin qüvvəyə minməsi üçün zəruri prosedurlar təmin ediləcək.

Almaz Həsənli