Peskov: Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi Rusiya ilə fikir ayrılığı mövzusudur

Peskov: Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi Rusiya ilə fikir ayrılığı mövzusudur

16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Rusiya ilə fikir ayrılığı mövzusudur. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Oxuməni. az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Prezident Əliyev tərəfindən ifadə olunan mövqeyə gəldikdə, bizimlə yaxın münasibətləri olan və bu mövqeyi bölüşən bir sıra dövlətlər var. Bu, bizim qəti şəkildə razılaşmadığımız bir mövqedir və bəli, bu, bizim fikir ayrılıqlarımızın mövzusudur", - deyə o qeyd edib.

Bununla yanaşı, Rusiya liderinin mətbuat katibi qeyd edib ki, Rusiya praqmatik yanaşmaya sadiqdir və hesab etmir ki, fikir ayrılıqları ölkələr arasındakı ikitərəfli münasibətlərə "kölgə salmalıdır". O əlavə edib ki, Moskva öz mövqeyini Bakıya ardıcıl şəkildə izah etməyə davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan Liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət görüb. O, həmçinin Ukraynanın vəziyyətini Azərbaycanın vəziyyəti ilə müqayisə edərək, vaxtilə Azərbaycana ərazilərindən Ermənistanın xeyrinə imtina etməsi üçün təzyiq göstərildiyini xatırlatmışdı.

Almaz Həsənli