Tramp: "Hörmüz boğazında blokadanı bərpa edirik və gəmilərin keçidi üçün 20% rüsum tətbiq edirik"
ABŞ İrana qarşı dəniz blokadasını yenidən tətbiq edir və Hörmüz boğazından keçən yüklərdən 20% həcmində rüsum tutmaq niyyətindədir. Bununla yanaşı, digər ölkələr Hörmüz boğazından sərbəst şəkildə istifadə edə bilərlər. Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib: "Boğaz açıqdır və açıq qalacaq – İranla və ya onsuz. Biz İrana qarşı blokadanı bərpa edirik – buna belə deyilir, çünki bu, yalnız Tehranın və onun müştərilərinin gəmiləri üçün keçidi bağlayır. Bütün digər ölkələr boğaza ədalətli və sərbəst çıxış əldə edəcəklər".
Daha sonra o, ABŞ-ın "boğazın qoruyucusu" funksiyasını öz üzərinə götürdüyünü vurğulayıb. Müvafiq olaraq, "bu keyfiyyətdə, ədalət naminə, gəmiçilik təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan bütün xərclərə görə boğazdan keçən bütün yüklərdən kompensasiya alınacaq".
Qeyd edək ki, indiyədək ABŞ tərəfindən elan edilmiş blokada İranın bütün dəniz limanlarını, o cümlədən Fars körfəzindən kənarda yerləşənləri də əhatə edirdi.
ABŞ və İran son günlər Fars körfəzində qarşılıqlı zərbələr endirməyə davam etsələr də, görünür, pərdəarxasında tərəflərin təxminən bir ay əvvəl əldə etdikləri anlaşma memorandumunu canlandırmaq cəhdləri davam edir.
"Fox News"a müsahibəsində Tramp bildirib ki, iyulun 12-də keçirilən görüşün yekunlarına əsasən, İran tərəfi "bəzi dəyişikliklər etməyi" xahiş edib.
ABŞ prezidentinin sözlərindən görüşün hansı formatda keçirildiyi tam aydın deyil. "Biz hər şey barədə razılaşdıq, sonra onlar otaqdan çıxdılar və geri zəng etdilər, - deyə Tramp bildirib. - Onlar həmişə nəsə dəyişirlər, hətta danışıqlar aparmağı da bacarmırlar. Onlar heç nəyə nail olmadılar və məndən heç nə almadılar".
Tramp həmçinin bəyan edib: "Bizim razılaşmamız var idi və heç kimin bundan xəbəri yox idi. Hər şey artıq razılaşdırılmışdı, sonra isə onlar bunu pozdular. Onlar həmişə razılaşmaları pozurlar. Bizim bu insanlarla artıq 10 razılaşmamız olub".
Müsahibədə Tramp təkrar edib ki, ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirib və bunun müqabilində iqtisadi kompensasiya almaq niyyətindədir: "Biz boğazı nəzarətdə saxlamağa davam edəcəyik, yəqin ki, onu idarə də edəcəyik. Biz onun "qoruyucusu" olacağıq. Biz bunun üçün kompensasiya almalıyıq, çünki digər ölkələr çox varlıdır və bizim tərəfimizdədir. Bizdən bunu 50 ildir etdiyimiz kimi pulsuz etməyi gözləmək olmaz. Sadəcə etdiyimiz hər şeyə və insanlarımızı riskə atdığımıza görə kompensasiya almaq istəyirik."
İran da öz növbəsində ABŞ-ın Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə "heç bir halda" icazə verməyəcək. İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqarinin sözlərinə görə, Tehran regional ölkələrlə ABŞ arasında hərbi əməkdaşlığı öz suverenliyinin pozulması kimi qiymətləndirəcək.
Almaz Həsənli



















































































