Lindsi Qremin qəfil ölümündə Rusiya və İran şübhəli bilinir
ABŞ prezidenti Donald Trampa yaxınlığı və İsrailə güclü dəstəyi ilə tanınan Respublikaçı senator Lindsi Qrem 71 yaşında vəfat edib. Qremin ofisi ölüm səbəbini "qısa və qəfil xəstəlik" kimi qeyd edib və onun vəfatından sonra sosial mediada qətl və sui-qəsd nəzəriyyələri yayılıb. Trampın sirdaşı Laura Loomer və bəzi sosial media istifadəçiləri Qremin Rusiya və ya İran tərəfindən hədəfə alına biləcəyini deyərək hərtərəfli araşdırma aparılmasını tələb ediblər.
İsrailə yaxınlığı ilə tanınan Dünya Dəyərləri Şəbəkəsinin qurucusu ravvin Şmuley Boteach da oxşar ittihamlarla çıxış edərək Qremin əvvəllər İranı təhdid etdiyini xatırlatdı.
YouTube bloqçusu Klint Rassel iddia etdi ki, Qrem Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyalar çağırışları səbəbindən hədəfə alına bilərdi. Bu iddialar rəsmilər tərəfindən təsdiqlənməyib.
Lindsey Qrem İsrailə uzun müddətdir və qətiyyətli dəstəyi ilə tanınırdı. Təl-Əviv administrasiyasını Qəzzadakı əməliyyatlarında açıq şəkildə dəstəkləyən Qrem dəfələrlə ABŞ-ın İsrailə hərbi və diplomatik dəstəyi artırmalı olduğunu bildirib.
İranın nüvə proqramına qarşı sərt sanksiyaların tərəfdarı olan Qrem, Tehrana qarşı hərbi variantın saxlanmasının vacibliyi ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Qrem sonuncu dəfə 10 iyulda Ukraynanın paytaxtı Kiyevə səfər etmiş və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.
Qremin ölümündən sonra həm İsrail hökumətinin, həm də müxalifətin bir çox üzvü başsağlığı verib. Baş nazir Benyamin Netanyahu Qrem haqqında "İsrail ən böyük dostlarından birini itirib" deyə bildirib, prezident İsaak Herzoq isə ABŞ-İsrail münasibətlərinin ən güclü tərəfdarlarından birini itirdiklərini bildirib.
Müdafiə naziri İsrael Katz, Energetika naziri Eli Koen, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, eləcə də müxalifət liderləri Yair Lapid, Naftali Bennet və Aviqdor Liberman Qremin İsrailə dəstəyini vurğulayıb və başsağlığı veriblər.
Bəzi İran televiziya kanalları Qremin ölüm xəbərini diqqətəlayiq bir dillə elan ediblər. Bəzi aparıcılar Qremin ölümünü onun İran əleyhinə açıqlamalarına istinad edərək "xoş xəbər" adlandırıb və onu vəfatı münasibətilə təbrik ediblər.
Əziz Mustafa


















































































