ABŞ-da doğuş turizmi ilə mübarizə üçün hamilə qadınların ölkəyə girişinə qadağa qoyulması nəzərdən keçirilir

ABŞ-da doğuş turizmi ilə mübarizə üçün hamilə qadınların ölkəyə girişinə qadağa qoyulması nəzərdən keçirilir

15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Ağ Ev miqrasiya siyasətinin sərtləşdirilməsi üçün radikal tədbirləri müzakirə edir. Donald Tramp administrasiyası xaricdən gələn hamilə qadınların ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Təşəbbüsün əsas məqsədi əcnəbi qadınların qısa müddətli vizalardan yalnız Amerika torpağında doğuş üçün istifadə etməsi praktikasını aradan qaldırmaqdır.

Prezidentin müşaviri Stiven Millerin sözlərinə görə, hazırda hamiləliyin son mərhələlərində olan qadınlara ABŞ-a maneəsiz daxil olmağa imkan verən qanuni mexanizmlər və turizm vizaları mövcuddur.

Nəticədə onların uşaqları doğuş hüququ ilə avtomatik olaraq Amerika Birləşmiş Ştatlarının vətəndaşlığını əldə edirlər.

Administrasiya vurğulayır ki, bu proses milli təhlükəsizlik məsələlərinə birbaşa təsir edən uzunmüddətli risklər yaradır.

Stiven Miller qeyd edib ki, uşaq ABŞ-da doğula, sonra, məsələn, Çinə qayıda və kommunist rejim şəraitində böyüyə, gələcəkdə isə vətəndaş kimi geri gələrək Amerika universitetinə daxil ola və intellektual mülkiyyət oğurluğu ilə məşğul ola bilər.

Vaşinqtonun viza siyasətindəki bu cür dəyişikliklər sərhəddə nəzarətin sərtləşdirilməsinə və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən əlavə yoxlamalara səbəb ola bilər.

Hazırda təşəbbüs Ağ Evin müvafiq idarələri tərəfindən nəzərdən keçirilmə mərhələsindədir.

Almaz Həsənli