Türkiyə Cənubi Koreyaya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini satmaq istəyir
Türkiyə, ABŞ istehsalı F-35 qırıcılarının tədarükü üçün Cənubi Koreyaya S-400 zenit-raket komplekslərinin (ZRK) satışını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə “Euroactiv” mənbələrə istinadən məlumat yayıb.
Əvvəllər “Bloomberg” yazmışdı ki, Türkiyə komplekslərin Rusiyaya qaytarılması məsələsini müzakirə edir. Kremlin isə bu məlumatı təkzib etdiyi bildirilir.
“Euroactiv”-in müsahibi qeyd edib ki, “F-35 satışına dair qərar hələ qəbul edilməyib”. Onun sözlərinə görə, F-35 tədarükü məsələsində “hər hansı irəliləyiş” Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya vermək əvəzinə üçüncü ölkəyə satmaqla razılaşmasından asılı ola bilər. Cənubi Koreya bu variantlardan biri kimi göstərilir.
Eyni zamanda, mənbə təsdiqləyib ki, ABŞ Türkiyəyə Türkiyədə hazırlanmaqda olan beşinci nəsil KAAN qırıcısı üçün ABŞ mühərriklərini satacaq. Əvvəllər “Reuters” ABŞ Prezidenti Donald Tramp administrasiyasının 700 milyon dollarlıq bu razılaşmanı təsdiqləmək niyyətində olduğunu yazmışdı.
“Euroactiv” qeyd edir ki, ABŞ və Türkiyə əməkdaşlığı İsrail və Yunanıstanda narahatlıq yaradır. İsrailin Afinadakı səfiri Noam Kats jurnalistə müsahibəsində Türkiyənin “düşmən” davranışının Ankaranın F-35 proqramına qayıtmaq tələblərinin rədd edilməsinə kifayət qədər səbəb olduğunu söyləyib.
Xatırladaq ki, 2019-cu ildə ABŞ Türkiyəni S-400 komplekslərini almasına cavab olaraq F-35 proqramından çıxarıb. 2020-ci ildə Türkiyə Rusiyadan dörd S-400 “Triumf” kompleksi aldığı üçün Amerika Düşmənlərinə Qarşı Sanksiyalar Qanunu (CAATSA) çərçivəsində sanksiyalara məruz qalıb. Bir il əvvəl isə ABŞ Türkiyəni F-35 proqramından çıxarıb, baxmayaraq ki, Ankara ilk qırıcı partiyasının ödənişini etmişdi.
Almaz Həsənli





















































.jpg)






























