Uorren Baffet 20 ildə ilk dəfə Bill Qeyts Fonduna illik ianəsini təxirə sala bilər
Berkshire Hathaway-in Direktorlar Şurasının sədri Uorren Baffet 20 ildə ilk dəfə olaraq Bill Qeyts Fonduna illik xeyriyyə ianələrinin cədvəlini dəyişə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, investor hələlik Berkshire Hathaway səhmlərinin növbəti paketinin köçürülməsi barədə yekun qərar qəbul etməyib. O, Qeyts Fondunun cinsi xarakterli cinayətlərə görə məhkum edilmiş və 2019-cu ildə vəfat etmiş maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələrinə dair daxili yoxlamanın başa çatmasını gözləmək niyyətindədir.
Qeyts Fondu Microsoft-un həmtəsisçisi Bill Qeyts və onun keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts tərəfindən təsis edilib. Uzun illərdir ki, o, Baffetin xeyriyyə ianələrinin ən böyük alıcısı olaraq qalır. Milyarder sərvətinin böyük hissəsini xeyriyyəçiliyə yönəltmək barədə uzunmüddətli öhdəliyi çərçivəsində iyun və ya iyul aylarında fonda müntəzəm olaraq Berkshire Hathaway səhmlərini köçürüb.
“The Wall Street Journal”-ın məlumatına görə, köçürmə qərarı qəbul edilərsə, vəsaitin köçürülməsi 2026-cı ilin sonuna qədər baş tuta bilər. Bu, Baffetin iki onillikdə ilk dəfə illik ianələrin adi cədvəlindən imtina etməsi olacaq.
Əvvəlki köçürmələrin həcmi milyardlarla dollarla ölçülürdü. Bu ianələr sayəsində Qeyts Fondu dünyanın müxtəlif ölkələrində səhiyyə, yoluxucu xəstəliklərlə mübarizə, təhsil və yoxsulluğun azaldılması sahəsində proqramları maliyyələşdirib.
Qeyd edək ki, Baffet 20 il əvvəl Qeyts Fonduna "ömürlük" ianə etməyi öhdəsinə götürmüşdü. İnvestor Berkshire Hathaway səhmlərinin bir hissəsini fonda bağışlamışdı. Onun 20 il ərzində Qeyts Fonduna bağışladığı qiymətli kağızların dəyəri təxminən 48 milyard dollardır.
Almaz Həsənli













































.jpg)






































