Belarusda Ukraynaya zərbələrin korreksiyası üçün istifadə olunan retranslyatorlar işləməyi dayandırıb

Belarusda Ukraynaya zərbələrin korreksiyası üçün istifadə olunan retranslyatorlar işləməyi dayandırıb

13:06
Bəyəndim (1) Bəyənmədim (0)

Belarusda Ukraynaya zərbələrin korreksiyası üçün istifadə olunan retranslyatorlar işləməyi dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.
"Baş komandan [Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski] və kəşfiyyatın mənə verdiyi məlumata görə, 22 iyundan etibarən müvafiq retranslyatorlar Belarus ərazisində fəaliyyətini dayandırıb", — Zelenski deyib ("RBC-Ukrayna" və "Ukrayna Pravdası"na istinadən).
Onun sözlərinə görə, bu sistemlərin sökülüb-sökülmədiyi məlum deyil. Belarus hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
"Onların sökülüb-sökülmədiyini hələ bilmirəm. Lakin biz bunun üzərində işləyirik, mən çox diqqətlə izləyirəm və hər gün hesabatlar alıram", — Ukrayna lideri bildirib.
Belarusun "Flaqştok" nəşri də xəbər verir ki, son üç gündə Rusiya dronları Belarus-Ukrayna sərhədi üzərində uçmayıb. Jurnalistlər Belarusun Volodimir Zelenskinin ultimatumundan sonra sərhəddəki retranslyatorları söndürə biləcəyini güman ediblər.
Keçən həftə Zelenski bildirmişdi ki, Belarusun Brest və Qomel vilayətlərində Ukraynaya atəşin korreksiyası üçün ən azı dörd retranslyator yerləşdirilib. O, Belarus hakimiyyətinə texnikanı söndürmək üçün bir həftə vaxt vermiş, əks halda onu məhv etməklə hədələmişdi.
Dmitri Peskov daha sonra bildirmişdi ki, Vladimir Putin və Aleksandr Lukaşenko görüşərək Zelenskinin ultimatumunu müzakirə edəcəklər. O, Zelenskinin tələbini "başqa ölkənin suverenliyinə qəsd" adlandırmışdı.
Bununla paralel olaraq, Lukaşenko Qomel vilayətinin sakinlərini Zelenskinin ultimatumu fonunda "narahat olmamağa və təşvişə düşməməyə" çağırmışdı.
Almaz Həsənli