Avstraliya "Valiant Shield" çoxmillətli təlimində iştirak edəcək
Avstraliya hərbi qulluqçuları Yaponiya, Havay, Quam və Avstraliyada keçiriləcək "Valiant Shield 26" çoxmillətli təlimində iştirak edəcəklər. Bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, manevrlər zamanı hərbçilər dənizdə, havada, quruda, eləcə də kosmosda və kiberməkanda təhdidlərə cavab vermək üçün birgə hərəkətlər edəcəklər. İştirakçılara vahid komandanlıq və idarəetmə sistemi daxilində simulyasiya edilmiş hədəfləri aşkarlamaq, izləmək və zərərsizləşdirmək tapşırılacaq.
Avstraliya tərəfi müttəfiq hava məkanının idarə edilməsi, hava hücumundan müdafiə və raketdən müdafiə bölmələrinə inteqrasiya olunmuş P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi, qərargah heyəti və hərbi qulluqçuları göndərəcək.
Bundan əlavə, Avstraliya mütəxəssisləri İnsan-Pilotsuz Təyyarə Qarşılıqlı Əlaqə Proqramının bir hissəsi olaraq hazırlanan qabaqcıl MQ-28A Ghost Bat PUA-sının istifadəsinə dair təlimlərdə iştirak edəcəklər. Avstraliyalı personalın ümumi sayı təxminən 80 nəfər olacaq.
Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər Hind-Sakit Okean bölgəsində kollektiv təhlükəsizliyin gücləndirilməsinə və müttəfiqlərin böhran vəziyyətlərində birgə hərəkət etməyə hazırlığının artırılmasına yönəlib.
Valiant Shield təlimləri 2006-cı ildən bəri ABŞ tərəfindən keçirilir. 2024-cü ildə onun formatı Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiyanın daimi iştirakını əhatə etməklə genişləndirilib.
Əziz Mustafa




















































































