Paşinyan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsini istisna edib
Ermənistanın Baş naziri Nikol Paşinyan, müxalifətin seçki prosesinin saxtalaşdırılması ilə bağlı ittihamları fonunda ölkədə yeni parlament seçkilərinin keçirilməsi imkanını istisna edib. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat verib.
“Əlbəttə ki, yox. Biz yeni seçkilər keçirməyi planlaşdırmırıq”, – Paşinyan müvafiq suala cavab olaraq jurnalistlərə bildirib.
Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə görə, Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 7 iyun seçkilərində 49,7%-dən çox səs toplayıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət formalaşdırmaq imkanı verəcək. “Taşir” Qrupunun rəhbəri Karapetyanın “Güclü Ermənistan” partiyası təxminən 23,3%, sabiq prezident Köçəryanın “Ermənistan” bloku isə 9,9%-dən çox səs əldə edib. Biznesmen Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4% keçid baryerini aşa bilməyərək təxminən 3,9% səs toplayıb.
Əvvəllər Paşinyan bildirmişdi ki, 7 iyun seçkilərinin nəticələrinə əsasən parlamentə daxil olmuş müxalif qüvvələr qanunsuz yolla oraya gəlib və siyasi fəaliyyət imkanlarından məhrum edilməlidirlər. O, rəhbərlik etdiyi partiyanın qarşıdakı gündəliyində “Taşir” Qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və biznesmen Qaqik Tsarukyanın əmlaklarının müsadirə edilməsinin olacağını bildirib.
“Onlar aclıq çəkməlidirlər ki, seçkiqabağı rüşvət paylamaq barədə ağlından belə keçməsin. Bu siyasi gündəmdir və bu mənada inqilab artıq yumşaq ola bilməz”, – Paşinyan deyib.
Ermənistanın Anti-korrupsiya Komitəsi isə ədliyyə nazirliyinə seçkilərdə korrupsiya əməliyyatlarında ittiham olunan siyasi qüvvələrin iştirakını qanunla qadağan etməyi təklif edib.
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)






















































