ABŞ və İran Bürgenştokda saziş imzalayacaqlar
İran və ABŞ arasında sazişin imzalanması mərasimi iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində planlaşdırılıb.
Oxuməni.az İsveçrənin rəsmi xəbər agentliyi “Keystone-SDA”-nın məlumatına istinadla xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ və İran arasında sazişin Bürgenştokda rəsmiləşdiriləcəyi təsdiqlənib.
Bəyanatda qeyd olunur ki, son bir neçə gündə ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması üzrə danışıqların davam etdirilməsi və tərəflərin nümayəndə heyətlərinin İsveçrəyə gəlməsinə şərait yaratmaq məqsədilə ABŞ, İran, Pakistan və Qətərlə sıx əlaqələr saxlanılıb.
Bürgenştok şəhəri təkcə Pakistan və Qətər vasitəçiləri tərəfindən deyil, həm də tərəflər – ABŞ və İran tərəfindən təklif olunub. İsveçrə vasitəçi rolunu öz üzərinə götürüb və öz ərazisində danışıqların aparılması üçün zəruri diplomatik və praktik şərait yaradıb.
İran Xarici İşlər Nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib ki, İran və ABŞ arasında sazişin imzalanması mərasimində İran danışıqlar qrupunun sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti C. D. Vens iştirak edəcəklər.
Almaz Həsənli



















































































