Tramp: ABŞ İrana qarşı 49 "Tomahawk" raketi atıb

Tramp: ABŞ İrana qarşı 49 "Tomahawk" raketi atıb

10:28
Bəyəndim (1) Bəyənmədim (0)


Cümə axşamı gecəsi ABŞ Silahlı Qüvvələri İran ərazisindəki obyektlərə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Amerika hərbi idarəsinin məlumatına görə, zərbələr ABŞ prezidenti Donald Trampın əmri ilə, Vaşinqtonun "davam edən təcavüz" adlandırdığı Tehranın hərəkətlərinə cavab olaraq endirilib.
CENTCOM bildirib ki, əməliyyat ABŞ-ın Şərq vaxtı ilə saat 17:15-də başlayıb və özünümüdafiə çərçivəsində həyata keçirilib. Amerika rəsmilərinin iddialarına görə, əməliyyatın əsas məqsədi İranı sülh sazişi bağlamağa təzyiq etməkdir.
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini danışıqları uzatmaqda günahlandırıb və Vaşinqtonun artıq belə bir vəziyyətlə barışmayacağını bildirib.
"Onlara hücum edəcəyik və çox güclü hücum edəcəyik. Buna bizim haqqımız var," - deyə Tramp bildirib.
Amerika lideri, həmçinin, İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb və Tehranın guya artıq bu şərtlə razılaşdığını qeyd edib. Onun sözlərinə görə, vəziyyəti yoluna qoymaq üçün yalnız müvafiq sazişi imzalamaq qalıb.
Daha sonra CENTCOM bildirib ki, gecə ərzində Amerika qüvvələri İran ərazisindəki müşahidə obyektlərinə, rabitə sistemlərinə və hava hücumundan müdafiə vasitələrinə zərbələr endirib.
Əməliyyatda ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edib. Onlar Vaşinqtonun versiyasına görə, regionda Amerika hərbçiləri və beynəlxalq gəmiçilik üçün təhlükə yaradan hədəflərə yüksək dəqiqlikli silahlar tətbiq ediblər.
Fox News-a verdiyi müsahibədə Tramp bildirib ki, Amerika qoşunları İrana 49 "Tomahawk" qanadlı raketi atıb. O, həmçinin qeyd edib ki, Tehran Birləşmiş Ştatların irəli sürdüyü şərtlərlə razılaşarsa, gələcək zərbələr dayandırılacaq.
Eyni zamanda, ABŞ prezidenti İran tərəfi təklif olunan sazişi imzalamaqdan imtina edərsə, yeni genişmiqyaslı hücumların mümkünlüyü barədə xəbərdarlıq edib.
CENTCOM bildirib ki, İrana qarşı hərbi əməliyyat artıq başa çatıb.
Almaz Həsənli