Norveç dünyanın ilk dəniz gəmiləri üçün tunelini tikir-Foto
Norveç hökuməti, investisiya layihəsinin dəyəri iki dəfə artmasına baxmayaraq, dünyanın ilk dəniz gəmiləri üçün tunelinin tikintisini davam etdirmək qərarına gəlib. Bu qərar, azlıqda olan Yonas Qara Stere hökumətinə parlamentdəki çoxluğunu qorumağa imkan verib. Bu barədə “RMF 24” məlumat yayıb.
Layihənin adı Stad Ship Tunnel olacaq və Norveçin qərb sahilindəki Stadlandet yarımadasının altında inşa ediləcək. 1,8 km uzunluğunda və 37 metr enində olan tunel, gəmilərə Norveç sahillərinin ən təhlükəli hissələrindən birini keçməyə imkan verəcək. Tuneldən 16 min brutto-tonadək tonnajı və 140 metrədək uzunluğu olan gəmilər istifadə edə biləcəklər.
Əvvəlcə tunelin tikinti xərcləri 4,1 milyard Norveç kronu qiymətləndirilirdi. Lakin podratçılardan ilk təkliflər daxil olduqdan sonra məlum oldu ki, investisiyalar 8,6 milyard kron, bəzi qiymətləndirmələrə görə isə hətta 10 milyard kron təşkil edəcək.

"Xərclərin bu qədər əhəmiyyətli artması Leyboristlər Partiyası hökumətini layihədən imtina etmək imkanını nəzərdən keçirməyə məcbur etdi. May ayında maliyyə naziri Yens Stoltenberq vurğulayırdı ki, bu cür yüksək xərclərlə dövlət tikintini davam etdirməməlidir", - deyə materialda xatırladılıb.
Eyni zamanda, vəziyyət bazar ertəsi dəyişdi, çünki Kənd Mərkəz Partiyası açıq şəkildə bildirdi: tunelin tikintisinin davam etdirilmədiyi təqdirdə, yenidən baxılmış büdcənin səsverməsi zamanı hökuməti dəstəkləməyəcək. Buna görə də, azlıqda olan Stere hökuməti üçün hakimiyyəti itirmək riski yaranıb.
"Nəticədə hökumət layihənin həyata keçirilməsini davam etdirmək qərarına gəldi, baxmayaraq ki, hesablamalar göstərir ki, investisiya əvvəldən zərərli olacaq - xərclər gözlənilən faydalardan təxminən dörd dəfə çox olacaq. Bundan əlavə, Norveç sahilləri boyunca sərnişin və yük daşımaları həyata keçirən aparıcı gəmiçilik şirkətləri - Hurtigruten və Havila - artıq Stad tunelindən istifadə etmək niyyətində olmadıqlarını bildiriblər", - deyə nəşrdə əlavə edilib.
Almaz Həsənli





.jpg)























.jpg)





















































