Belfastda baş verən bıçaqlı hücumdan sonra miqrasiya əleyhinə etirazlar başlayıb
Belfastda iyunun 9-u axşam saatlarında yerli sakinin bıçaqlanmasından sonra immiqrasiya əleyhinə etiraz aksiyaları başlayıb. Kütləvi aksiyaların səbəbi sosial şəbəkələrdə yayılan hücumun videosu olub, bu videoda şübhəli şəxsin zərərçəkənə bıçaqla xəsarət yetirməsi əks olunub. Oxuməni.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq KİV-ləri məlumat verib.
Polis məlumatına görə, şübhəli şəxs 30 yaşlı Sudan vətəndaşı olan qaçqindir. Ona qəsdən adam öldürmə cəhdində ittiham irəli sürülüb. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisənin terror aktı kimi qiymətləndirilmədiyini vurğulayıb.
Kütləvi nümayişlərə çağırışı sağ qanad fəalı Tommi Robinson yayıb. Yüzlərlə etirazçı Belfast küçələrinə çıxıb. İğtişaşlar zamanı marşrut avtobusu, avtomobillər və zibil qutuları yandırılıb. Bundan əlavə, aksiyada iştirak edənlər şəhərin əsas magistral yollarından birini bağlayıb, bu da ciddi nəqliyyat sıxlığına səbəb olub. İctimai nəqliyyatın fəaliyyətində də fasilələr olduğu bildirilir.
Şimali İrlandiya polisinin rəis müavini Rayan Henderson sakinlərə sakit qalmağı çağırıb və yerli icma liderlərindən yalnız dinc etiraz formalarını dəstəkləməyi və zorakılığın artmasına yol verməməyi xahiş edib.
Birləşmiş Krallığın Baş naziri Kir Starmer hücumu "dəhşətli" adlandırıb. Şimali İrlandiyanın beş ən böyük siyasi partiyasının liderləri isə iğtişaşların dayandırılmasını və hüquq-mühafizə orqanlarına istintaq aparmaq imkanı verilməsini tələb ediblər. Hakimiyyət orqanları təsdiqləyib ki, şübhəli şəxs 2023-cü ildən etibarən Böyük Britaniya ərazisində qanuni olaraq yaşayır.
Almaz Həsənli





.jpg)























.jpg)





















































