Kreml Çukotka ilə Alyaska arasında tunel qazmağı planlaşdırır
Rusiya və ABŞ-ın Çukotka ilə Alyaska arasında genişmiqyaslı tunel layihələndirmək üçün 5 iyun cümə günü müqavilə imzalayacağı bildirilir.
Oxuməni.az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya diktatorunun xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib.
Dmitriyevin sözlərinə görə, müvafiq sənədin imzalanması sabah planlaşdırılır. O, tərəflərin layihələndirməni davam etdirmək barədə razılığa gələcəyinə və tunelin özü mütləq tikiləcəyinə əminlik verib.
Rusiya rəsmisi həmçinin vurğulayıb ki, bu layihə iki ölkə arasındakı münasibətlərdə ən böyük infrastruktur layihələrindən birinə çevriləcək.
Qeyd etmək lazımdır ki, Kirill Dmitriyev ötən ilin oktyabr ayında Rusiya ilə ABŞ-ı Berinq boğazından keçərək birləşdirəcək "Putin-Tramp Tuneli" adlanan tunelin tikintisi ideyasını irəli sürüb.
Dmitriyevin sözlərinə görə, layihənin səkkiz ilə tamamlanması ehtimal olunur və Elon Maskın "The Boring Company" texnologiyasından istifadə edilərsə, onun dəyəri təxminən 8 milyard dollar ola bilər.
O, belə bir tunelin təbii sərvətlərin birgə işlənməsi üçün imkanlar açacağını və eyni zamanda qitələr arasında ABŞ və Rusiya vasitəsilə ilk birbaşa əlaqə olacağını iddia edib.
Daha sonra ABŞ prezidenti Donald Tramp Amerika və Rusiya əraziləri arasında tunelin tikintisi ideyasını "maraqlı" adlandırıb.
Əziz Mustafa



















































































