Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib
Azərbaycan KibertəhlükəsizlikTəşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu uğurla keçirilib.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq ölkənin kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalarından birinə çevrilən forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirib.
Tədbir çərçivəsində kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub. Forumun sərgi hissəsində isə tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumun rəsmi açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov çıxış edərək, ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin təminolunması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi, eləcə də ölkənin kibermüdafiə potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
“Milli Kibertəhlükəsizlik Ekosistemi” adlı ilk sessiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupașcu və “Huawei Technologies” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə baş kibertəhlükəsizlik və məxfilik direktoru Corey Deng çıxış edərək, milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələr haqqında təqdimatlar ediblər.
Forum çərçivəsində Corey Deng Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Məşvərət Şurasına üzv təyin olunması münasibətilə AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif edilib. Eyni zamanda, AKTA ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və insan kapitalının inkişafına dəstək məqsədi daşıyır.
Forum zamanı AKTA-nın yeni təşəbbüsü olan “CyberAward” layihəsinin təqdimatı keçirilib. Layihə ölkənin kibertəhlükəsizlik ekosisteminə mühüm töhfələr verən mütəxəssislərin və təşkilatların təşviq olunmasını hədəfləyir.
Tədbirin diqqətçəkən hissələrindən biri də ilk dəfə təşkil olunan ictimai sual-cavab sessiyası olub. Sessiya çərçivəsində tələbələr tərəfindən əvvəlcədən təqdim edilmiş suallar videoformatda nümayiş etdirilib, universitet rəhbərləri və özəl sektor nümayəndələri isə bu sualları cavablandırıblar. Bu təşəbbüs gənclərlə sənaye və akademik liderlər arasında açıq dialoqun qurulmasına xidmət edib.
Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu da imzalanıb. Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandumun imzalanması baş tutub. Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur.
“Regional təcrübə və əməkdaşlıq” panelində Qazaxıstan, Türkiyə, Estoniya və Azərbaycanın aparıcı ekspertləri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq, regional çağırışlar və perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Günün ikinci yarısında keçirilən sessiyalar “Rəqəmsal transformasiyada kiberçağırışlar”, “Süni intellektin kibertəhlükəsizliyə təsiri və innovativ trendlər” və “Müasir kibertəhlükəsizlik təhdidləri” mövzularını əhatə edib. Sessiyalarda yerli və beynəlxalq ekspertlər rəqəmsal transformasiya prosesində yaranan risklər, süni intellektin kibermüdafiədə tətbiqi, avtomatlaşdırılmış təhlükənin aşkarlanması, davranış analitikası və müasir təhlükələrə qarşı müdafiə strategiyaları barədə təqdimatlar ediblər.
Forumun yekun sessiyasında kiberdiaspor nümayəndələri beynəlxalq təcrübələrini iştirakçılarla bölüşüb, yerli kibertəhlükəsizlik məhsulları və innovativ startap layihələri təqdim olunub. Tədbir çərçivəsində, həmçinin interaktiv viktorina keçirilib və qaliblər mükafatlandırılıblar.
IV Milli Kibertəhlükəsizlik Forumu ölkədə kibertəhlükəsizlik sahəsində dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm platforma kimi öz missiyasını uğurla yerinə yetirib.
Tədbirdə səsləndirilən fikirlər, imzalanan əməkdaşlıq sənədləri və təqdim olunan təşəbbüslər Azərbaycanın kibertəhlükəsizlik ekosisteminin inkişafına mühüm töhfə verəcək.
Oxuməni.az



















































































