Hər ay Ukraynada 30.000-dən çox Rusiya əsgəri ölür
Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı NATO-nun Baş Katibi Mark Rutte Rusiya ordusuna qoşulmağı planlaşdıran gənclərə müraciət edərək dedi: "Sizə pis bir müqavilə təklif olunur. Yaralansanız, çox güman ki, palçıqda öləcəksiniz." Rutte Rusiyanın Ukraynada "son dərəcə ağır" itkilər verdiyini iddia etdi və hər ay 30.000-dən çox Rusiya əsgərinin öldüyünü bildirdi.
NATO-nun Baş Katibi Mark Rutte Ukraynaya rəsmi səfər etdi.
Paytaxt Kiyevə səfəri zamanı Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdü. NATO rəsmiləri ilə birlikdə Rusiya-Ukrayna müharibəsində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etdi.
NATO nümayəndələri ilə Ukrayna rəsmiləri arasında danışıqlar aparıldı. Görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında Rutte Rusiyadakı gənclərə və ailələrə müraciət etdi. Moskva rəhbərliyinə qarşı tənqidlərinə davam edərək, Ukraynada döyüşmək üçün orduya qoşulan gənc kişilərə ölə biləcəkləri barədə xəbərdarlıq etdi.
Rutte dedi: "Sizə pis bir müqavilə təklif olunur. Müharibəyə gedən sizin kimi kişilər heç bir təlim keçməyəcəklər. Sizə veriləcək avadanlıqlar qeyri-kafi olacaq. Öldürülmə və ya yaralanma ehtimalınız çox yüksəkdir." NATO-nun baş katibi əlavə etdi: "Yaralansanız, çox güman ki, palçıqda öləcəksiniz."
Rutte Rusiyanın Ukraynada "son dərəcə ağır" itkilər verdiyini iddia etdi və hər ay 30 mindən çox Rusiya əsgərinin öldürüldüyünü bildirdi ki, bu da onun əvvəlki proqnozları ilə uyğun gəlir. "Bu o deməkdir ki, bir ayda Sovet İttifaqının 1980-ci illərdə Əfqanıstanda on ildə itirdiyindən daha çox insan ölür", - deyə Rutte bildirib.
NATO-nun baş katibi qeyd edib: "Bu, mücərrəd vəziyyət deyil. Çox güman ki, bu, siz olacaqsınız."
Zelenski öz növbəsində müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib və deyib: "Dünyadakı bütün digər münaqişələr bitənə və bizim növbəmiz gələnə qədər öz növbəmizi gözləmək əvəzinə, Putinlə birbaşa danışıqlara hazıram."
Zelenski Ukraynanın Rusiyaya son hücumlarını şərh edərək qeyd edib: "Mən Putinin gündəlik cədvəlinə əməl etmirəm. Biz sadəcə Ukraynaya qarşı hücumlara cavab veririk. Hesab edirəm ki, hücumlarımız haqlıdır. Əgər onlar bizə qarşı dron və raketlərdən istifadə etməyə davam etsələr, biz də eyni şəkildə cavab verəcəyik. Amma biz yalnız neft emalı zavodlarına və ya qanuni hərbi hədəflərə cavab veririk."
Vladimir Zelenski mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı hücumlarda ballistik raketlərdən istifadəsinə daha konkret cavab verilməsinin vacibliyinə işarə edərək bildirib: "Ballistik raketlər Rusiyanın Ukraynaya qarşı bu müharibədə son çarəsidir və biz onlara adekvat cavab tapmalıyıq. İndiyə qədər işləyən yeganə sübut olunmuş vasitə Amerikanın Patriot hava hücumundan müdafiə sistemləridir."
Əziz Mustafa




















































































