Paşinyan Rusiya Federasiyasına mal ixracına qoyulan məhdudiyyətlərə görə fermerlərə kompensasiya vəd edib
Ermənistanın Baş naziri Nikol Paşinyan, Moskva tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən Rusiyaya apara bilməyəcəkləri məhsullar üçün fermerlərin dəydiyi zərəri kompensasiya edəcəyinə söz verib. Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə o, parlament seçkiləri ərəfəsində seçicilərlə görüşdə bildirib.
"İstər bibər xarab olsun, istər mən, istər hökumət o bibər üçün pul ödəyəcək. Lakin bütün bunların nəticəsində Ermənistanda bibər istehsalı və ixracı da artacaq", - Paşinyan bildirib.
Çıxışında o qeyd edib ki, Rusiyaya ixrac üçün "ədalətsiz maneələr" yarandığı bütün hallarda fermerlərə subsidiya ayrılacaq, lakin erməni istehsalçılarının da keyfiyyətsiz məhsulları ola biləcəyini dəqiqləşdirib.
Mayın 30-da "Rosselxoznadzor" (Rusiya Kənd Təsərrüfatı Nəzarəti Xidməti) Ermənistandan bəzi növ giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər qoyulduğunu bildirib. Tədbirlərin tətbiq olunduğu siyahıya pomidor, xiyar, bibər, yaşıl bitkilər və çiyələk daxildir.
Vəzifəli şəxslərin izahına görə, bu qərar Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiya Federasiyasına tədarükündə aşkar edilən pozuntuların artması səbəbindən qəbul edilib. "Rosselxoznadzor" hesab edir ki, yaranan vəziyyət ölkənin fitosanitar rifahı üçün təhlükə yarada bilər, buna görə də sanitariya təhlükəsizliyini təmin etmək məqsədilə məhdudiyyət tətbiq edilib.
Almaz Həsənli




















































































