Yaponiyada rahiblərin 1200 ildir "əbədi alov" saxladığı bir Buddist məbədi yanıb
Yaponiyanın Miyajima adasında, təxminən 1200 ildir rahiblər tərəfindən saxlanılan alovun yerləşdiyi Reikado Buddist məbədi yanıb.
Yanğın ziyarətgahı tamamilə məhv edib və yaxınlıqdakı ağaclara yayılıb. Yanğınsöndürənlər alovları ram etməyi bacarıblar. Xəsarət alan olmayıb.
Reikado, Misen dağındakı Daişoin məbəd kompleksində yerləşir. Rəvayətə görə, məhz burada, 806-cı ildə Yaponiyanın ən hörmətli rahiblərindən biri olan Kukai mənəvi təcrübə üçün alov yandırıb. O, Yapon Buddizminin Şinqon məktəbini təsis edib və ölümündən sonra ona Kobo Daişi və ya "Böyük Müəllim" adı verilib. Rahiblər nəsillər boyu alova qulluq ediblər və zaman keçdikcə o, müqəddəs bir yadigar kimi hörmətə çevrilib. Daha sonra bu, Hirosima Xatirə Parkında Sülh Alovunu yandırmaq üçün istifadə edilmişdir.
Polis və yanğınsöndürənlər yanğının səbəbini araşdırırlar. Reikado Zalı 2005-ci ildə yanıb, daha sonra yenidən tikilib. O vaxt müstəntiqlər yanğının binanın içərisində quru ağac və digər materialların yanmasından qaynaqlandığından şübhələnirdilər.
Bu il Yaponiyada artıq bir neçə məbəd və ziyarətgah yanğını baş verib. Fevral ayında yanğınlar Ehime prefekturasındakı iki məbəddə binaları məhv edib və Yamaquçi prefekturasındakı Şorinji məbədində baş verən yanğında beş nəfər ölüb. Aprel ayında isə Toyama və Mie prefekturalarındakı dini məkanlarda yanğınlar baş verib.
Əziz MUSTAFA


















































































