Putin və Si Cinpin danışıqlar üçün Pekində görüşüblər
Mayın 20-si səhər saatlarında Vladimir Putin və ÇXR sədri Si Cinpin Pekində, Tiananmen meydanındakı Xalq Yığınları Evində danışıqlar aparıblar. Bu barədə Oxuməni.az “TASS”a istinadla xəbər verir.
Danışıqlardan sonra tərəflər "çoxqütblü dünyanın qurulması və yeni tipli beynəlxalq münasibətlər" haqqında birgə bəyannamə, həmçinin "hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi" haqqında bəyanat qəbul ediblər.
Putinin köməkçisi Yuri Uşakov qeyd edib ki, sənəddə Rusiya-Çin münasibətlərinin inkişafının əsas istiqamətləri və beynəlxalq gündəm haqqında ümumi fikir əks olunub. Uşakovun sözlərinə görə, nümayəndə heyətləri enerji sahəsində "çox vacib bir məsələ" barədə razılığa gəliblər.
TASS-ın yazdığına görə, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalayıblar.
Həmçinin, Çin ruslar üçün vizasız rejimi 2027-ci ilin sonunadək uzadıb. Beləliklə, Rusiya Federasiyası vətəndaşları ölkədə 30 günədək vizasız qala bilərlər, ölkəyə daxil olmaq üçün yalnız xarici pasport tələb olunur.
Danışıqların açıq hissəsində Putin bəyan edib ki, Moskva və Pekin arasındakı münasibətlər "misilsiz dərəcədə yüksək səviyyəyə" çatıb və "həqiqi hərtərəfli tərəfdaşlığın nümunəsi" olub. O, həmçinin Rusiya və Çinin əməkdaşlığını "beynəlxalq arenada əsas sabitləşdirici amillərdən biri" adlandırıb və ölkələrin birgə "daha ədalətli, demokratik dünya nizamı" tərəfdarı olduğunu bildirib.
Si Cinpin isə öz növbəsində, iki ölkə arasındakı münasibətlərin "addım-addım indiki yüksək səviyyəyə çatdığını" bildirib. Onun sözlərinə görə, dünya "cəngəllik qanununa" qayıtmaq təhlükəsi ilə üz-üzədir və bu fonda Rusiya və Çin arasındakı dostluq və əməkdaşlıq müqaviləsi xüsusi dəyər kəsb edir.
Xatırladaq ki, mayın 19-da Putin ÇXR sədri Si Cinpinin dəvəti ilə Çinə gəlib. Rusiya nümayəndə heyəti üçün fəxri qarovul və iki ölkənin bayraqlarını yelləyən uşaqların iştirakı ilə təntənəli mərasim təşkil olunub. Rusiya prezidentinin təyyarəsini ölkənin Xarici İşlər Naziri Van İ qarşılayıb və onu çin nömrə nişanlı "Aurus" avtomobilinə qədər müşayiət edib.
Almaz Həsənli






































.png)













.jpg)




























