Tramp bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişi ilə İrana qarşı yeni hücumu ləğv edib
ABŞ prezidenti Donald Tramp, "ciddi danışıqlar aparıldığı üçün" çərşənbə axşamı planlaşdırılan İrana qarşı yeni zərbəni təxirə saldığını bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Davam edən ciddi danışıqlar zamanı Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Al Tani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan məndən sabah üçün planlaşdırılan İrana hücumumuzu təxirə salmağımı xahiş etdilər", - Tramp yazıb.
Tramp, ABŞ üçün "tamamilə qəbuledilən" bir razılaşmanın əldə olunması ehtimalı barədə məlumatlandırıldığını və "İranın nüvə silahı olmayacaq!" deyə əlavə etdiyini bildirib.
"Bu liderlərə hörmət əlaməti olaraq, Mən Pentaqon rəhbəri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə, ABŞ silahlı qüvvələrinə sabah İrana hücum olmaması barədə göstəriş verdim. Lakin mən onlara, qəbuledilən bir razılaşma olmasa, ilk təlimatla İrana qarşı tammiqyaslı bir hücuma başlamağa hazır olmaları barədə də göstəriş verdim", - Tramp izah edib.
O, razılaşmanın İranın nüvə silahlarına çıxışının olmamasını təmin etməli olduğunu vurğulayıb.
İran Trampın son bəyanatına ictimaiyyət qarşısında şərh verməyib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı barədə xəbərlər son günlərdə Trampın sərt ritorikasının güclənməsi fonunda yayılıb.
Xüsusilə, daha əvvəl o, Tehrana hücumların bərpa olunacağı ilə hədələyərək, "İran üçün saat işləyir və tələsmələri yaxşıdır, əks halda onlardan heç nə qalmayacaq" demişdi.
Axios nəşri, yüksək vəzifəli bir ABŞ rəsmisinə istinadən, İran mövqeyini dəyişməsə, ABŞ-ın danışıqları "bombaların köməyi ilə" davam etdirməyə məcbur olacağını bildirib.
Almaz Həsənli





.jpg)













































































