III Şio: Demoqrafik vəziyyət yaxşılaşmasa, başqa xalqların gürcüləri keçməsi təhlükəsi realdır
"Əgər Gürcüstanda demoqrafik vəziyyət yaxşılaşmasa, ölkədə başqa xalqların məskunlaşaraq say baxımından gürcüləri keçməsi təhlükəsi realdır".
Oxumənı.az “Aktual.ge”yə istinadla xəbər verir ki, bunu Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisinin baş yepiskopu, Biçvinta və Suxumi-Abxaziya mitropoliti III Şio Tbilisidə “Ailə müqəddəsliyi günü” münasibətilə keçirilən yürüşün başa çatdığı Müqəddəs Üçlük Kafedral Kilsəsinin qarşısında etdiyi moizə zamanı deyib.
“Ailə dəyərlərinin qorunması üçün Gürcüstanın ailəni və xalqı zərərli gender nəzəriyyələri və ideologiyalarından qoruyacaq qanunvericiliyi olmalıdır” , - deyən III Şio söyləyib:
“Əgər demoqrafik vəziyyətimizi düzəltməsək, ailənin möhkəmlənməsi, qorunması və saxlanılması üçün çalışmasaq, bizi real təhlükə gözləyir ki, bu gözəl, cənnət kimi ölkəmizdə bizimlə birlikdə başqa xalqlar məskunlaşacaq. Onlar uşaqları sevir, övladlarından imtina etmirlər, öz dinlərini qoruyurlar və buna görə də yaxşı çoxalırlar. Tanrı qorusun, əlbəttə, amma biz belə davam etsək, gürcüləri say baxımından keçmələri təhlükəsi realdır. Tanrı sizə lütf versin ki, ailənin xilas edilməsi, ailə dəyərlərinin qorunması üçün çalışaq, ailəni və xalqımızı zərərli gender nəzəriyyələri və ideologiyalarından qoruyacaq qanunvericiliyə sahib olaq. Bəzilərinin bizi çağırdığı kimi bu qanunvericilikdən imtina etməməliyik, əksinə, ailənin qorunması və saxlanılması istiqamətini daha da gücləndirməliyik. Bu, ölkəmizin xilasının, çoxalmasının və həmçinin Tanrının mərhəmətinin təminatıdır”.
Almaz Həsənli



















































































