İsrail Şərqi Aralıq dənizində Türkiyəyə qarşı 2500 əsgər yerləşdirib
İsrailin Cənubi Kiprdə artan təsiri Şərqi Aralıq dənizində gərginliyi artırıb. Bildirilib ki, adaya "Sürətli Reaksiya Qüvvələri"nin bir hissəsi olaraq 2500 əsgər yerləşdirilib, İsrailin Yunan Kiprində torpaq əldə etməsi və hərbi əməkdaşlığı diqqəti cəlb edib. Bu barədə "Türkiyə" qəzetinin yaydığı məlumatda deyilir.
Bəziləri Cənubi Kiprin Türkiyə əleyhinə hərbi forpost halına gəldiyini iddia edərək, Ankaranın Şərqi Aralıq dənizindəki hüquq və maraqlarından güzəştə getməyəcəyini vurğulayıblar.
İsrailin Cənubi Kiprin Yunan administrasiyası vasitəsilə Kiprdə artan təsiri Şərqi Aralıq dənizində yeni gərginliklər yaradıb. Ekspertlər qeyd ediblər ki, İsrailin Yunan Kiprində torpaq satın almaları və artan hərbi iştirakı bölgədəki güc balansını dəyişdirib.
Kiprdəki hadisələri qiymətləndirən professor Dr. Mehmet Hasgüler, Qərb ölkələrinin adanın yunan hissəsini Avropa Birliyinə daxil etdiyini və bununla da Kipr problemini "avropalaşdırdığını" bildirdi. Hasgüler, İsrailin bu yaxınlarda bu tənliyə girdiyini qeyd edərək dedi: "Müəyyən mənada, avropalaşmış Kipr artıq israilləşməyə başlayır."
Hasgüler, İsrailin adada "Sürətli Reaksiya Qüvvələri" adı altında 2500 əsgər yerləşdirdiyini və bunun mövcud status-kvonu sarsıtdığını bildirdi. İsrail Baş naziri Binyamin Netanyahu və Kipr Yunan Administrasiyasının lideri Nikos Xristodulidesin son illərdə müdafiə və kəşfiyyat sahəsində sıx əməkdaşlıq etdiklərini qeyd edən Hasgüler, Yunanıstanın da bu tənlikdə iştirak etdiyini vurğuladı.
Təqaüdçü admiral Cihat Yaycı həmçinin Kipr Yunan Administrasiyasının İsrail ilə inkişaf etdirdiyi münasibətlərin Türkiyənin milli təhlükəsizliyinə yönəldiyini bildirib. Yaycı deyib: "Kipr faktiki olaraq Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi forposta çevrilir."
Yaycı, Türkiyənin qarant ölkə kimi ŞKTR-nin təhlükəsizliyini qorumaqdan məsul olduğunu qeyd edərək, İsrail və Kipr Yunan Administrasiyasının birtərəfli hərbi hərəkətlərinin adada gərginliyi artırdığını bildirib. O, Türkiyənin Şərqi Aralıq dənizindəki hüquq və maraqlarından imtina etməyəcəyini vurğulayıb.
"Türkiyə" qəzetində dərc olunan məqalədə İsrail vətəndaşlarının Cənubi Kiprdə aktiv şəkildə torpaq aldığı və bəzi ərazilərdə yalnız İsrailə məxsus zonaların yaradıldığı bildirilib. Ekspertlər bu prosesin gələcəkdə daha böyük problemlərə səbəb ola biləcəyini qiymətləndiriblər.
Əziz MUSTAFA



















































































