Alimlər Tailandda tapılan sümüklərdən yeni nəhəng dinozavr növünü müəyyən ediblər

Alimlər Tailandda tapılan sümüklərdən yeni nəhəng dinozavr növünü müəyyən ediblər

10:53
Bəyəndim (0) Bəyənmədim (0)


Cənub-Şərqi Asiyada indiyə qədər tapılmış ən böyük dinozavr olan Naqatitan 27 ton, yəni doqquz yetkin Asiya fili qədər ağırlığında idi və 27 metr uzunluğa çatırdı, bu da onu “Diplodocus”dan daha böyük edirdi. Bu dinozavr kimi, o da uzunboğaz, ot yeyən zauropodlar ailəsinə aid idi. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Böyük Britaniya və Tailanddan olan bir qrup tədqiqatçı, on il əvvəl Tailandın şimal-şərqindəki bir gölməçənin yaxınlığında tapılmış daşlaşmış sümüklər sayəsində yeni növü müəyyən edib.
Dinozavrın tam adı “Nagatitan chaiyaphumensis”-dir. "Naqa" Cənub-Şərqi Asiya folklorundakı ilandır, "titan" yunan mifologiyasına bir xatırlatmadır, chaiyaphumensis isə qalıqların tapıldığı Tailand əyaləti olan Çayapxumdan deməkdir.


Naqatitan 100-120 milyon il əvvəl, təxminən Tiranotavr Rexdən 40 milyon il əvvəl yaşamışdır və ölçüsünə görə təxminən iki dəfə böyük idi.
London Universitet Kollecinin tələbəsi, tədqiqatın əsas müəllifi Titivut Setapaniçsakul, “Scientific Reports” jurnalında dərc olunan tədqiqatın əsas müəllifidir.
O, bildirib ki, tədqiqatçılar Naqatitanı Tailandın "son titanı" adlandırıblar, çünki qalıqlar ölkənin dinozavr qalıqlarını ehtiva edən ən gənc süxurunda tapılıb.
"Dinozavr dövrünün sonuna doğru yaranan daha gənc süxurlarda dinozavr qalıqlarını tapmaq çətin ola bilər, çünki o vaxta qədər bu ərazi dayaz dənizə çevrilmişdi. Buna görə də bu, Cənub-Şərqi Asiyada tapa biləcəyimiz son və ya ən yeni böyük sauropod ola bilər," dedi.
Setapaniçsakul etiraf edir ki, o, uşaqlıqdan dinozavrları sevirdi və onun tədqiqatı ona uşaqlıq arzusunu reallaşdırmağa imkan verdi - yeni dinozavr adı qoymaq.


Naqatitan Tailandda tapılan 14-cü dinozavr olub. Mahasarakam Universitetindən olan paleontoloq Sita Manitkun bildirib ki, ölkədə müxtəlif dinozavr qalıqları var və Tailand, ehtimal ki, qədim sürünənlərin qalıqlarının sayına görə Asiya ölkələri arasında ilk üçlükdədir.
Naqatitan Yer kürəsində atmosfer karbon qazı səviyyəsinin və qlobal temperaturun artdığı bir dövrdə yaşayıb.
Tədqiqatın həmmüəllifi London Universitet Kollecinin professoru Pol Apçörç bildirib ki, bu vaxta qədər zauropodlar ailəsi olduqca böyüyüb. O, zauropodların daha yüksək temperaturlara tab gətirə bildiyini iddia edib, çünki daha böyük cisimlər istiliyi saxlayır və soyutmaq daha çətindir.
O, Reuters agentliyinə bildirib ki, "yüksək temperatur, ehtimal ki, bitki qidası tədarükünə təsir edib ki, bu da ən böyük ot yeyənlər olan zauropodlar üçün vacib idi".
Almaz Həsənli