Yaponiya 80 ildən sonra ilk dəfə tank ixrac edəcək

Yaponiya 80 ildən sonra ilk dəfə tank ixrac edəcək

15:50
Bəyəndim (2) Bəyənmədim (0)


Yaponiyada silah ixracına dair öz qadağaları yüngülləşdirilir və yeni müqavilələr bağlanır. 80 ildən çox müddətdə ilk dəfə olaraq yapon tankları ixrac oluna bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Defense Express” saytı məlumat verib.
“Defense Express”-in yazdığına görə, Yaponiyanın ağır texnikasını ala biləcək ilk ölkə Filippin ola bilər. Hazırda burada Type 10 əsas döyüş tankları, eləcə də Type 16 təkərli tanklarının sifarişi imkanları nəzərdən keçirilir. Əgər sifariş bağlanarsa, bu, İkinci Dünya müharibəsindən bəri Yaponiyanın tank ixrac etdiyi ilk hal olacaq.
Bununla belə, Filippin üçün ağır zirehli texnikada vacib bir parametr onun kütləsidir, çünki ölkədə çox sayda körpü var ki, onlar Koreya K2 (55 ton), Almaniya Leopard 2 (55,1–66,5 ton) və ya Amerika M1 Abrams (54,4–66,8 ton) kimi tam əsas döyüş tanklarının çəkisini qaldıra bilməz.
Yaponiyanın Type 10 tankı, modulyar keramik zirehi və avtomatik dolduruculu 120 mm Rheinmetal L/44 topuna sahib olmasına baxmayaraq, döyüşə hazır vəziyyətdə cəmi 44-48 ton kütləyə malikdir.
Bundan əlavə, 1200 at gücündə olan dizel mühərriki tanka həm irəli, həm də geri 70 km/saat sürət verir. O, həmçinin hidropnevmatik asqı sistemi ilə təchiz olunub və 500 km-ə qədər məsafə qət edə bilir.
Filippin həmçinin Type 16-nı, cəmi 26 ton kütləyə, 100 km/saat sürətə və 105 mm-lik topa malik yüngül təkərli tankı nəzərdən keçirir. Bu, ordunun təhdidlərə tez reaksiya verməsinə və sahilin müdafiəsi və mümkün desant cəhdlərinin dəf edilməsi üçün tank qüvvələrini operativ şəkildə yerləşdirməsinə imkan verəcək.
Hər iki tank müasir atəş nəzarət sistemləri ilə təchiz olunub və ümumilikdə Filippin silahlı qüvvələrinin silahlanması üçün əla variantlar kimi görünür. Eyni zamanda, Yaponiya Type 10 və Type 16-nı endirimli qiymətə Filippinə sata bilər, çünki layihənin dəyəri artıq Yaponiyanın özünə müdafiə qüvvələri üçün əvvəlki sifarişlərlə ödənilmiş ola bilər.
Bununla belə, hələlik bu tanklar üçün müqavilələrin bağlanması barədə danışılmır, həmçinin Filippinin bu texnikaya marağı barədə rəsmi təsdiqlər yoxdur.
Xatırladaq ki, aprel ayında Yaponiya hakimiyyəti ölümcül silahların ixracına qoyulan məhdudiyyətləri ləğv edib. Artıq ölkə gəmilər, tanklar, raketlər və sursatlar satmaq imkanına malikdir.
Məlumdur ki, Yaponiya öz silahlarını yalnız Tokio ilə avadanlıq köçürmə müqavilələri olan ölkələrə ixrac edəcək. Hazırda 17 belə ölkə var, lakin hökumət yeni müqavilələr üzərində işləyir.
Yeni ixrac qaydalarına başqa bir məhdudiyyət də daxildir: Yaponiya müharibə vəziyyətində olan ölkələrə silah tədarük edə bilməyəcək, lakin milli təhlükəsizlik tələb edərsə, hökumət istisna edə bilər.
Almaz Həsənli