ABŞ Çernobıl AES-in təhlükəsizlik örtüyünün təmiri üçün 100 milyon dollar ayıracaq
Amerika Birləşmiş Ştatları Çernobıl Atom Elektrik Stansiyasının (AES) sarkofaqının qövs formasındakı konstruksiyasının bərpası üçün 100 milyon dollara qədər vəsait ayırmaq niyyətində olduğunu bəyan edib. Bu konstruksiya ötən il Rusiya dronu tərəfindən zədələnmişdi. Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Hazırda "Böyük Yeddilər" qrupuna sədrlik edən Fransa tərəfindən aparılan qiymətləndirmələrə görə, fevral ayında dron tərəfindən deşilmiş konfaynmentin təmirinə təxminən 500 milyon avro lazımdır.
Bəzi təmir işləri artıq aparılmışdı, lakin aprelin ortalarında dərc olunan "Greenpeace"in hesabatında qeyd olunurdu ki, təhlükəsizlik örtüyünü tamamilə bərpa etmək mümkün olmayıb. Təşkilatın məlumatına görə, bu, ətraf mühitə radioaktiv maddələrin yayılma riskini artırır, xüsusən də daxili sarkofaqın – 1986-cı ildəki qəzadan sonra quraşdırılmış və 2016-cı ildə daha bir izolyasiya qövsü ilə örtülmüş, zədələnən konstruksiyanın dağılması halında.
ABŞ Dövlət Departamenti çərşənbə günü işlər üçün 100 milyon dollara qədər, yəni bərpa üçün lazım olan məbləğin təxminən 20%-ni ayırmağa hazır olduğunu bildirib. Vaşinqton Avropa tərəfdaşlarını və "Yeddilər" qrupunun digər ölkələrini "bu vacib təmir işlərinin yükünü bölüşmək üçün nümunə götürməyə və əhəmiyyətli maliyyə öhdəlikləri götürməyə" çağırıb.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: "Təmir işləri aparılmasa, konstruksiya artıq kifayət qədər müdafiə təmin edə bilməz, bu da Avropaya yüksək radioaktiv materialların təhlükəli sızması təhlükəsi yaradır."
Vaşinqtonun vəsait ayırması barədə məlumatı Ukraynanın energetika naziri Denis Şmıqal təsdiqləyib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi də aprelin 26-da, Çernobıl AES-dəki qəzanın qırxıncı ildönümündə Kiyevdə keçirilən brifinq zamanı sığınacağın təcili təmirinin zəruriliyindən danışıb.
Almaz Həsənli




















































































