ABŞ Senatına namizəddən mübahisəli açıqlama: Aya Sofiya qaytarılmazsa, Türkiyəyə idxal qadağası qoyulacaq
Cənubi Karolina Senatına namizəd Mark Linç Aya Sofiya ilə bağlı Türkiyəni təhdid edib. Linç, Aya Sofiyanın yenidən kilsəyə çevrilmədiyi təqdirdə Türkiyədən bütün idxalın qadağan edilməsi üçün qanun layihəsi hazırlayacağını bildirib.
Mark Linç Türkiyəyə qarşı açıqlamaları ilə mübahisələrə səbəb olub. Cənubi Karolinadan ABŞ Senatına namizəd olan Linç, Aya Sofiya ilə bağlı Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.
X sosial media platformasında paylaşım edən Linç, 2020-ci ildə Aya Sofiyanın məscidə çevrilməsini "xristian tarixinin ən böyük ədalətsizliklərindən biri" adlandırıb. O, açıqlamasında hazırkı senator Lindsi Qremi bu prosesdə susduğuna görə də tənqid edib.
Linç bildirib: "Lindsi Qremin nəzarəti altında məşhur Xristian Ayasofya kilsəsi 2020-ci ildə BMT adı altında müsəlmanlara təhvil verilib. Ayasofyanın müsəlmanlara verilməsinə qarşı mübarizə aparmaq əvəzinə, Lindsi Qrem susub. O, BMT-yə heç bir təhdid etməyib və Türkiyəyə qarşı siyasi gücündən istifadə edərək bu soyğunçuluğun qarşısını almaq üçün heç bir addım atmayıb!"
Linç bildirib ki, seçiləcəyi təqdirdə "Ayasofyanın Kilsəyə Qaytarılması Qanunu" adlı qanun layihəsi təqdim edəcək və Türkiyə Ayasofyanı Yunan Pravoslav Kilsəsinə qaytarmazsa, Türkiyədən ildə 17,5 milyard dollardan çox idxalın tamamilə qadağan edilməsini tələb edəcək.
Linç həmçinin qeyd edib ki, qanun layihəsinin təqdim olunduğu gün ictimai rəyi formalaşdırmaq üçün ABŞ Konqresinə pravoslav, katolik və protestant ruhanilərini dəvət etməyi planlaşdırır.
Linçin açıqlamaları Türkiyəyə qarşı sanksiyalara dair sərt çağırışları və dini əsaslı qiymətləndirmələri səbəbindən reaksiya doğurdu.
Əziz MUSTAFA






























































.jpg)




















