Gürcüstanda patriarx taxtına namizədlər müəyyənləşdirildi
Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodu çərşənbə axşamı keçirdiyi iclasda patriarx taxtına üç namizəd müəyyənləşdirib. Namizədlərin seçilməsində Müqəddəs Sinodun 39 yepiskopundan 38-i iştirak edib.
Oxuməni.az yerli KİV-lərə istinadla xəbər verir ki, kilsənin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andriy Caqmaidzenin bildirdiyinə görə, hazırkı taxt naibi mitropolit Şionun namizədliyini 20 yepiskop dəstəkləyib, mitropolit İov və Qriqol isə hərəsi yeddi səs alıb. Onlardan başqa daha üç namizəd irəli sürülüb.
Senaki və Çxorotsku mitropoliti Şio rəsmi olaraq patriarx postuna əsas iddiaçı olur. Taxt naibi vəzifəsinə onu patriarx II İlia 2017-ci ildə təyin edib. 57 yaşlı Şio (Elizbar Muciri) ilk təhsilini violonçel ifaçısı kimi alıb. 1993-cü ildə Elizbar monastır həyatına qədəm qoyub və tezliklə keşiş təyin edilib. Şio ilahiyyat təhsilini Batumi Ruhani Seminariyasında, daha sonra isə Moskva Ruhani Akademiyasında və Müqəddəs Tixon İlahiyyat İnstitutunda alıb, burada 2015-ci ildə ilahiyyat elmləri namizədi dərəcəsi əldə edib. 2003-cü ildə Şio Senaki və Çxorotsku yeparxiyasında yepiskop olub, 2009-cu ildə arxiyepiskop, 2010-cu ildə isə mitropolit titulu alıb. Şio həmçinin Gürcü Pravoslav Kilsəsinin Avstraliya və Yeni Zelandiyadakı icmalarına rəhbərlik edir.
Media Mitropolit Şionu Gürcüstan hakimiyyəti və Gürcü Pravoslav Kilsəsinə təsir göstərməyə çalışan Rus Pravoslav Kilsəsi üçün ən məqbul fiqur kimi təsvir edir. Patriarx II İlyanın ölümündən sonra bəzi hökumətyönlü şərhçilər hətta yepiskopları namizədliklərini hazırkı taxt naibi mitropolit Şionun xeyrinə geri götürməyə çağırıblar.
Üç namizəddən kimin yeni patriarx olacağı, ən geci mayın 17-dək keçiriləcək Müqəddəs Sinodun genişləndirilmiş iclasında müəyyənləşəcək. Genişləndirilmiş iclasda Sinod üzvləri, bütün yeparxiyalardan nümayəndələr, o cümlədən din xadimləri, monastırların, ruhani akademiyaların və seminariyaların nümayəndələri iştirak edəcəklər. Genişləndirilmiş iclasın bütün iştirakçıları namizədlər barədə öz fikirlərini bildirmək hüququna malik olacaqlar, lakin yalnız Müqəddəs Sinod üzvləri səs verə biləcəklər. Patriarx postuna seçilmək üçün namizəd səslərin yarısından çoxunu, yəni azı 20 səs toplamalıdır.
Bütün Gürcüstanın katolikos-patriarxının seçkiləri 48 il sonra ilk dəfə keçiriləcək. Bundan əvvəl Gürcü Pravoslav Kilsəsinə martın 17-də 93 yaşında vəfat etmiş patriarx II İlia rəhbərlik edirdi.
Almaz Həsənli
























































.jpg)


























