Berlində casusluq şübhəsi ilə Qazaxıstan vətəndaşı saxlanılıb

Berlində casusluq şübhəsi ilə Qazaxıstan vətəndaşı saxlanılıb

15:02
Bəyəndim (2) Bəyənmədim (0)

Almaniya Baş Prokurorluğu Berlində xarici kəşfiyyat agentliyində işləmək şübhəsi ilə Qazaxıstan vətəndaşının saxlanıldığını açıqlayıb.

"Dünən Federal Prokurorluq, Federal Məhkəmənin istintaq hakimi tərəfindən 23 aprel 2026-cı ildə verilmiş həbs qərarı əsasında hərəkət edərək, Qazaxıstan vətəndaşı Sergey K.-nı Berlində Federal Cinayət Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlayıb. Bundan əlavə, şübhəlinin və heç bir qanun pozuntusunda şübhəli bilinməyən bir şəxsin ərazisində axtarışlar aparılıb", - deyə Almaniya Baş Prokurorluğu açıqlamasında bildirib. Həmçinin bildirilir ki, kişi "xarici kəşfiyyata işləməkdə" şübhəli bilinir.

Almaniya Baş Prokurorluğu iddia edir ki, "Sergey K., ən azı 2025-ci ilin may ayından etibarən Almaniyada olarkən Rusiya kəşfiyyat xidmətlərindən biri ilə daimi əlaqə saxlayıb". "Həbs edilənə qədər şübhəli rəhbərinə müxtəlif növ çoxsaylı məlumatlar ötürüb. Buraya, xüsusən də Almaniya Federativ Respublikasından Ukraynaya hərbi dəstək haqqında məlumatlar, eləcə də Almaniyanın müdafiə və hərbi sənayesi - əsasən dronlar və robototexnika hazırlayan şirkətlər haqqında məlumatlar daxil idi. Bundan əlavə, Sergey K. dəfələrlə Berlindəki ictimai binaların və avtobanlardakı hərbi karvanların, o cümlədən NATO ölkəsindən karvanın fotoşəkillərini ötürüb", - deyə Almaniya Baş Prokurorluğu bildirib.

Eyni zamanda, Sergey K.-nın "kəşfiyyat xidmətindəki əlaqə saxladığı şəxsi Almaniyada təxribat üçün uyğun hədəflər barədə məlumatlandırdığı və təxribat və kəşfiyyat qrupu üçün başqalarını cəlb etmək xidmətlərini təklif etdiyi" iddia edilir.
29 apreldə Sergey K. Federal Ali Məhkəmənin istintaq hakimi qarşısına çıxacaq və hakim onun həbs qərarını rəsmi olaraq oxuyacaq və məhkəməyəqədər həbs qətimkan tədbiri barədə qərar verəcək.

Əziz MUSTAFA