ABŞ Suriyadan qoşunlarını tamamilə çıxardı
Suriyada yerləşən ABŞ qoşunları bu ölkədən tamamilə çıxarılıb. Oxuməni.az xəbər verir ki, Suriya Xarici İşlər və Mühacirlər Nazirliyi aprelin 16-da, "X" sosial şəbəkəsində bəyan edib ki, "əvvəllər Amerika qoşunlarının mövcud olduğu Suriyada hərbi obyektlərin Suriya hökumətinə təhvil verilməsini alqışlayır".
"Dəməşq, Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi missiyasını başa çatdırmaq qərarını, əslində, İŞİD-in (Suriyada və İraqda əhəmiyyətli əraziləri ələ keçirmiş, əsasən bu ölkələrdə fəaliyyət göstərən "İslam Dövləti" terror təşkilatı. - Red.) regional yüksəlişinə qarşı mübarizə kimi Amerika hərbi mövcudiyyətinin zəruriliyini əvvəlcədən müəyyən edən şəraitin kökündən dəyişdiyini göstərən ümumi qiymətləndirmənin əksi kimi qəbul edir. Bu gün Suriya dövləti beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, daxildən terrorla mübarizə səylərinə tamamilə rəhbərlik etmək iqtidarındadır", - deyə Suriya Xarici İşlər Nazirliyi bildirib.
Dəməşqdə həmçinin qeyd olunub ki, hərbi obyektlərin təhvil verilməsi "böyük peşəkarlıqla və Suriya ilə Amerika hökumətləri arasında tam koordinasiya ilə həyata keçirilib". Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu, "2025-ci ilin noyabrında Ağ Evdə Prezident Əş-Şaraa və Prezident Trampın tarixi görüşündən sonra Dəməşq və Vaşinqton arasında yaranmış münasibətlərin konstruktiv xarakterini vurğulayır".
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokins bu məlumatı təsdiqləyib. AP agentliyinin Kapitan Hokinsin sözlərindən sitat gətirdiyi xəbərdə deyilir: "Amerika qoşunları, mövcud şərait nəzərə alınaraq həyata keçirilən planlı keçid prosesi çərçivəsində Suriyadakı bütün əsas bazalarımızın təhvil verilməsini başa çatdırıb".
Almaz Həsənli



















































































