İran müharibədə iştirak etdiklərinə görə beş ərəb ölkəsindən təzminat tələb edir
Tehran "İrana qarşı Amerika-İsrail müharibəsində iştirak etdiklərinə görə" beş ərəb ölkəsindən təzminat tələb etmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, İRNA xəbər agentliyi də daxil olmaqla, İran mediası ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin bu açıqlamanı verdiyini bildirib.
İrəvani Bəhreyn, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının "İrana qarşı beynəlxalq öhdəliklərini pozduğunu" və "bütün maddi və mənəvi zərərləri" kompensasiya etməli olduğunu bildirib. O, təzminatın məbləğini dəqiqləşdirməyib.
Xatırladaq ki, aprel ayında İsrailin "The Jerusalem Post" qəzeti kəşfiyyat məlumatlarına istinadən İranın müharibənin 1,5 ayında 140-145 milyard dollar iqtisadi ziyana məruz qaldığını bildirib.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani RİA Novosti-yə bildirib ki, ölkə hakimiyyəti müharibədən dəyən ziyanı ilkin olaraq 270 milyard dollar qiymətləndirir.
Almaz Həsənli




















































































