İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başlayır

10:13
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail və Livan rəsmi olaraq atəşkəs və uzunmüddətli sülhün bərqərar edilməsi üzrə danışıqlara başlayır.Bu barədə Oxuməni.az “Mignews.com” saytına istinadla xəbər verir.
Rəsmi mənbələrdən verilən məlumata görə, dialoq diplomatik səviyyədə, hər iki ölkənin Vaşinqtondakı səfirlərinin iştirakı ilə aparılacaq. Prosesə yerində birbaşa dəstək və koordinasiya ABŞ-ın Livandakı səfiri M. İssa tərəfindən təmin ediləcək. Rəsmi təmasların başlanması barədə qərar, Vaşinqtonun regionda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş intensiv diplomatik səylərindən sonra qəbul edilib.
Bu addımdan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı Amerika lideri İsrail hökumətinin rəhbərinə Livan ərazisindəki obyektlərə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) zərbələrinin intensivliyini azaltmağı xahiş edib. Ağ Evin fikrincə, deeskalasiya İranla nəzərdə tutulan atəşkəsin pozulmasının qarşısını almaq və diplomatiya üçün əlverişli zəmin yaratmaq üçün zəruridir.
ABŞ Prezidenti ilə məsləhətləşmələrdən dərhal sonra Binyamin Netanyahu təhlükəsizlik kabinetinə danışıqlar prosesinə ən qısa zamanda başlamaq barədə tapşırıq verib. Baş nazir vurğulayıb ki, İsrailin bu danışıqlarda əsas prioritetinin "Hizbullah"ın tamamilə silahsızlandırılması olacaq. Qüdsün son məqsədi isə iki dövlət arasında İsrailin şimal ərazilərinə atəş təhlükəsini istisna edən möhkəm sülhün bərqərar edilməsidir.
Hazırda rəsmi görüşlərin cədvəli dəqiqləşdirilir, lakin hər iki tərəf uzun müddətdir davam edən hərbi münaqişədən çıxış yolu tapmaq üçün ABŞ-ın vasitəçilik platformasından istifadə etməyə hazır olduqlarını bildiriblər.
Almaz Həsənli